“2003-cü ildə vaxtilə Şəmkirin icra başçısı kimi işləmiş Aslan Aslanovun oğlunun öldürülməsində günahlandırılan iki şəxs haqqında danışmaq istəyirəm. Hələ rast gəlməmişəm ki, Penitensiar Xidmət daxili nizam- intizam qaydalarının pozulmasına görə kiminsə üzərinə 5 il 6 ay iş qoysun. Bir qadının, cavan gəncin, hətta o günahkar olsa belə, cəzasının üstünə daxili nizam-intizamı pozmaya görə cəza müəyyən olunub. Bu harada görünüb? Kiminsə sifarişiylə ilə qisas alınmalıdır? Bu gün həbsxanada həmin qadına ərizə yazdırırlar ki, könüllü olaraq öz xoşumla kimləsə münasibətdə olmuşam və qeyri-qanuni uşaq dünyaya gətirmişəm. Penitensiar Xidmət haqqında qanunun tələblərinə görə, nikahdankənar heç kimlə görüşmək imkanı yoxdur. Necə olur ki, uşaq olub? Necə ola bilər ki, dustaqlardan biriylə münasibətdə olarkən uşaq dünyaya gətirib? Bu hansı nəzarətsiz sistemdə olub? Niyə cəza çəkmirlər? Buna hansı formada yanaşıblar? Ona 5 il 6 ay müddətinə yeni cəza verilib.
Belə durumda da bəyanatlar verirlər. İçəridən videogörüntü yayırlar. Kimin cinayətini gizləyirlər? Videomaterial yaydırırlar ki, bunu bu şəkildə cəmiyyətə təqdim et. Kim onda güvənər məhkəmələrə? Həbsxana dövlətin nəzarətində olan bir yerdir. Azərbaycan məhkəmələri çıxartdığı qərarda bir şeyi nəzərə almalıdırlar ki, prezident 109- cu maddə ilə öz adından fərman verir, Milli Məclis isə qərarı öz adından çıxardır. Yeganə orqan məhkəmədir ki, burada qərarlar Azərbaycan dövlətinin adından çıxarılır. Azərbaycan dövləti adına da bu cür ədalətsiz, qeyri-hüquqi qərar çıxartmaq olar? Azərbaycan vətəndaşı o qeyri qanuni qərar çıxardan orqanlara necə güvənib mən təhlükəsiz yaşayıram deyə bilər? Hər şeyi fərdlər həll etməməlidir. Qanun bunu elə sistemə salmalıdır ki, bu adamlar cəzalanmalıdır. Hesab edirəm ki, hökumətin hesabatına qədər Penitensiar Xidmətlə bağlı bu məsələlər də ciddi müzakirə olunmalıdır.
Mən burada əyləşən xanım millət vəkillərindən xahiş edərdim ki, o xanımın hüquqlarının müdafiə olunması istiqamətində ciddi səlahiyyətli dövlət qurumları üzərinə basqı həyata keçirsinlər. Adam cinayət törədib səhv edib, cavan olub, buna görə ona 10 il iş verilib. Bu qədər iş verilmiş qadına təzədən nizam-intizam qaydalarını pozmağa görə 5 il 6 ay iş verərlərmi? Mən inanıram ki, 3 il keçəndən sonra da onun üstünə başqa bir cinayət işi qoyacaqlar ki, içəriyə telefon keçirdib Bu nə qisasçılıq əməliyyatıdır? Yoxsa feodal dövrünəmi qayıdırıq? Deputat həmkarlarım bu məsələnin ən ciddiliyi ilə üzərinə getsinlər. Heç kimin fərdi acısından və şəxsi istəklərindən istifadə edib hər hansı vətəndaşın hüququnun tapdalanmasına yol verilməsin. Bəlkə, bir az emosional oldu. Amma həmin gəncin ölümündə hamı bilirdi ki, bir nəfər şahid kimi çıxış edirdi. Ona isə ömürlük həbs verilib. Ölüm işini törədən qadın idi və cinayət məsuliyyətinə cəlb olunmuşdu. Ondan sonra onun atasının qardaşını ailəsini həbs etdirmək bu nə deməkdir? Hansı dövrdə yaşayırıq? Mən hesab edirəm ki, Milli Məclis nəhayət ki bu məsələlərə diqqətlə yanaşmalıdır. Çünki vətəndaşın güvənə biləcəyi yerlər çox azdır. Məhkəmə, xüsusilə Azərbaycan vətəndaşının güvənmədiyi və ədalət gözləmədiyi bir yerdir”.
***
Vitse-spiker Bahar Muradova həmkarı İqbal Ağazadənin Vüqar Lamiyə cinayəti və məhkəmə sisteminin ədalətsizliyi ilə bağlı çıxışına münasibət bildirib. B. Muradova qeyd edib ki, Azərbaycanda məhkəmə sistemi ədalətsiz olduğunu demək düzgün deyil: “Heç bir ölkədə məhkəmə sistemi ideal deyil. Prosesdə hakim, prokuror, vəkil, cinayəti törətmiş şəxs iştirak edir. Hər hansı prosedur pozuntusu ola bilər və mən razıyam ki, bununla əlaqədar günahı və suçu olan şəxsə qanunun gücü ilə münasibət göstərilməlidir. Bütövlükdə isə bunu əldə rəhbər tutaraq Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq və demək ki Azərbaycan insanı məhkəməyə güvənmir və ondan ədalət gözləmir, hesab edirəm ki, məsuliyyətsiz çağırışdır.Və biz belə bir çağırışa laqeyd qala bilmərik. Azərbaycan məhkəməsi islahatları keçmiş sistemdir. Üç-beş çağırışın müqabilində Azərbaycan hüquq sisteminin fəaliyyətini şübhə altına almaq millət vəkilinə yaraşmaz”.
Günel