Lavrovla Blinkenin ilk tet-a-tet görüşü 2 saat davam edib - Yenilənib

lavrovla-blinkenin-ilk-tet-a-tet-gorusu-2-saat-davam-edib
Oxunma sayı: 2607

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinkenin ilk tet-a-tet görüşü başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş İslandiyanın paytaxtı Reykyavikdə keçirilir.

Görüşdə Rusiya-ABŞ arasındakı ikitərəfli əlaqələrin, Koreya yarımadasındakı və Əfqanıstandakı vəziyyətin, İranla nüvə sazişinin və digər məsələlərin müzakirə edilməsi planlaşdırılır.

***

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinkenin Reykyavikdə iki saat davam edən ilk tet-a-tet görüşü başa çatıb.

XİN başçılarının ilk görüşü Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində keçirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Lavrov danışıqların əvvəlində həmkarına görüşün keçirilməsini təklif etdiyinə görə təşəkkürünü bildirib. “Ən önəmlisi ondan ibarətdir ki, biz diplomatik imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışaq və mən sizin məhz belə əhval-ruhiyyə nümayiş etdirməyinizi çox qiymətləndirirəm”, - Lavrov deyib.

XİN başçısı qeyd edib ki, Moskva və Vaşinqton arasında beynəlxalq vəziyyətin qiymətləndirilməsində və problemlərin həllinə yanaşmada ciddi fikir ayrılığı var, bununla belə, Rusiya istisnasız olaraq bütün məsələləri müzakirə etməyə hazırdır.

Lavrovun sözlərinə görə, o, ABŞ dövlət katibi ilə KXDR, İranın nüvə proqramı və Əfqanıstan ətrafında vəziyyəti müzakirə etmək niyyətindədir.

Blinken isə öz növbəsində bildirib ki, fikir ayrılığı olsa da, ABŞ və Rusiya bir çox istiqamətlərdə işləyə bilər, ölkə liderləri əməkdaşlıq edərlərsə, dünya daha təhlükəsiz olar.

Lavrov qeyd edib ki, Vladimir Putin və Co Bayden iki ölkənin maraqlarının üst-üstə düşdüyü yerdə, xüsusilə də strateji sabitlik məsələsində əməkdaşlıq etməlidirlər.

Dövlət Departamentinin rəhbəri Vaşinqtonun Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər axtardığını bildirib. "Sirr deyil ki, fərqlərimiz var", - deyə o əlavə edib.

Bununla yanaşı, Blinken xəbərdarlıq edib ki, Rusiya ABŞ və müttəfiqlərinə qarşı aqressiv çıxış etsə, Vaşinqton cavab verəcək: “Eskalasiya, münaqişəyə nail olmaq üçün yox, maraqlarımızı qorumaq üçün”. O, hər iki ölkənin kəsişən maraqları arasında pandemiya və iqlim dəyişikliyinə qarşı mübarizəni, İranın və KXDR-in nüvə proqramlarını, Əfqanıstanı qeyd edib.