“Ləman Bakıda 3 dəfə açıq əməliyyat olundu. Dedilər yaxşıdır, evə buraxıldı. Daha sonra evdə uşağın halı pisləşdi”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin atası, yaralanan Ləman Qulamovanın babası Vəlibəy Hümbətov deyib.
Onun sözlərinə görə, nəvəsini öz maliyyə vəsaitləri hesabına təcili olaraq Türkiyəyə aparıblar: “Əvvəlcə Səhiyyə Nazirliyinə dedik ki, vəziyyəti pisdir, bizə köməklik göstərsinlər. Onlar bildirdilər ki, əllərindən gələni ediblər. Bakıda robotik əməliyyat yoxdur deyə, Ləman Türkiyədə robotik əməliyyatlar olundu. İndi yenə üçüncü dəfə robotik əməliyyat olundu, boğazına stent qoydular. Stent 1 ay da boğazında qalmalıdır. Bu gün əməliyyatın konfransı olmalıdır. Başqa yerdən professorlar gəlib yoxlamalı idilər ki, irəliləyiş var, yoxsa yox. Əməliyyatı edənlər dedi ki, yaxşı nəticələnib, lakin Ləmanın vəziyyəti ilə bağlı şübhələri var. Bu gün professorlar ətraflı deyəcək ki, açıq əməliyyat olunmalıdır, ya yox”.
V. Hümbətov qeyd edib ki, bu günə qədər xeyli xərcləri çıxıb: “Bu gün yenidən qəbz gəlib, qiymətləri görəndə dəhşətə düşürük. Bir günün qiyməti 1150 dollardır (1955 AZN). Nəvəm iki aya yaxındır həmin xəstəxanadadır, hələ 1 ay da müalicə görməlidir. İrəliləyiş yoxdur. Heç yemək də yemir. Bu gün ona kalorili qida veriblər, lakin bağırsaqdan qidalandırırlar. Heç iki gündür bağırsaqdan da yedirtmirdilər. Stenti yoxlamaq üçün 1 stəkan su veriblər. Nəvəmin vəziyyəti orta ağırdır”.
Baba ailənin ölkə rəhbərliyinə də müraciət etdiyini əlavə edib: “Sadəcə dövlətimizdən kömək istəyirik”.
Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.
Mədinə Useynova
Son xəbərlər
Son Xəbərlər