Litva “Bayraktar” üçün 5 milyon toplamışdı - Türkiyə hədiyyə verdi + Fotolar

litva-bayraktar-ucun-5-milyon-toplamisdi
Oxunma sayı: 3168

Xəbər verdiyimiz kimi, Litvada Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatının alınması ilə bağlı kampaniya başladılıb və 5 milyon avro vəsait toplanılıb. Bunun ardınca Litva müdafiə nazirinin müavini Vilyus Semeşka sözügedən məsələ ilə bağlı Türkiyəyə səfər edib və “Baykar” şirkətinin rəsmiləri ilə görüşüb.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Litvanın başlatdığı kampaniya barədə məlumat alan “Baykar” şirkəti ölkəyə “Bayraktar”ı ödənişsiz olaraq verəcəyini bildirib. Şirkət, həmçinin “Bayraktar” alınması üçün toplanan vəsaitin humanitar yardım olaraq Ukraynaya göndərilməsini istəyib.

Şirkətin rəsmi tviter hesabında bu məsələ ilə bağlı edilən paylaşımda deyilir: “Litva xalqının başlatdığı həssas kampaniyanın uğurla başa çatdığını Litva müdafiə nazirinin müavini Vilyus Semeşkadan öyrəndik. Litvaya 1 ədəd “Bayraktar” təqdim edəcəyik. Kampaniya çərçivəsində toplanan vəsaitin isə Litva tərəfindən Ukraynaya humanitar yardım olaraq göndərilməsini xahiş edirik”.

Litvanın müdafiə naziri Arvidas Anusauskas isə sözügedən “Bayraktar”ın iyul ayına qədər Ukraynaya təslim edilə biləcəyini bildirib.