“Peacock” “YouTube Premium”a daxil edilir

peacock-youtube-premiuma-daxil-edilir
Oxunma sayı: 279

“NBCUniversal” və “Google”a məxsus “YouTube” ABŞ-də “YouTube Premium” istifadəçilərinə “Peacock” yayım xidmətini təqdim edəcək yeni əməkdaşlıq haqqında razılığa gəlib.

“Qafqazinfo” “Reuters”a istinadən xəbər verir ki, razılaşmaya əsasən, 2027-ci ilin əvvəlindən etibarən ABŞ-də “YouTube Premium” abunəçiləri “Peacock” platformasının məzmununa əlavə ödəniş etmədən çıxış əldə edəcəklər. 

Bununla yanaşı, tərəflər “YouTube TV”də NBC telekanallarının yayımını nəzərdə tutan uzunmüddətli əməkdaşlığı da uzadıblar.

Bu, “Peacock”un indiyədək bağladığı ən böyük topdansatış yayım tərəfdaşlığı hesab olunur. Razılaşma nəticəsində platformanın orijinal layihələri, o cümlədən “Love Island U.S.A.” kimi şoular, həmçinin NFL və NBA oyunları da daxil olmaqla canlı idman yayımları milyonlarla “YouTube Premium” istifadəçisinə təqdim ediləcək.

Hazırda “YouTube Premium”un dünya üzrə 125 milyondan çox abunəçisi var ki, bu da yalnız ABŞ-də fəaliyyət göstərən və 48 milyon abunəçisi olan “Peacock”dan xeyli çoxdur. Son dövrlərdə mənfəət əldə etməyə başlayan “Peacock” bazarda “Netflix”, “Hulu” və “Disney+” kimi rəqiblərlə mübarizəni davam etdirir.

ABŞ-də “YouTube Premium” aylıq 16,99 dollar (təxminən 28,88 manat) qarşılığında reklamsız video izləmə və “YouTube Music” xidmətinə çıxış təklif edir.

Razılaşma həmçinin ABŞ-nin ən böyük ödənişli televiziya platformalarından biri olan “YouTube TV”də “NBCUniversal” telekanallarının yayımını davam etdirəcək.

Tərəflər yeni müqavilənin müddətini açıqlamayıblar.