Rusiyanın “Lukoyl” şirkəti xaricdəki aktivlərinin satışı ilə bağlı ABŞ-nin investisiya şirkəti “Carlyle Group” ilə ilkin razılığa gəlib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, söhbət “Lukoyl”un törəmə şirkəti “Lukoil International GmbH”ə məxsus xarici aktivlərin satışından gedir.
Şirkətin Qazaxıstanda icra etdiyi layihələr isə razılaşmaya daxil deyil, buna görə də onlar “Lukoyl”un balansında qalacaq.
Tərəflər arasında ilkin razılıq əldə olunsa da, onun qüvvəyə minməsi üçün ABŞ hakimiyyət orqanlarının razılığı tələb olunur.
Qeyd olunub ki, razılaşma eksklüziv deyil, buna görə də azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu şirkət digər potensial alıcılarla danışıqları davam etdirmək hüququna malikdir.
Xatırladaq ki, ötən il oktyabrın 22-si ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahib olan “Lukoyl” sanksiyalar paketinə salındıqdan sonra xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.
Daha əvvəl “Lukoyl” beynəlxalq enerji treyderi “Gunvor Group” ilə “Lukoil International GmbH”in tam satışı barədə razılığa gəlmişdi. Lakin ABŞ Maliyyə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi başa çatanadək şirkətə lisenziya verməyəcəyi barədə bəyanatından sonra təklif geri götürülmüşdü.
Son xəbərlər
Son Xəbərlər