Venesuelanın keçmiş sənaye naziri Aleks Saab Karakasda saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Ölkənin eks-prezidenti Nikolas Maduronun yaxın silahdaşı hesab olunan Aleks Saabın Venesuela xüsusi xidmət orqanları və ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) həyata keçirdiyi birgə əməliyyat zamanı saxlanıldığı bildirilir. Ona qarşı çirkli pulların yuyulması və korrupsiya ittihamları irəli sürülüb.
Eks-sənaye nazirinin ABŞ-yə ekstradisiya ediləcəyi gözlənilir.
A.Saabın vəkili Luici Culiano isə həbs barədə xəbərləri təkzib edib. Venesuela hökuməti məsələni hələlik rəsmi şərh etməyib.
Qeyd edək ki, daha əvvəl Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesin rəqibi hesab edilən Saab ABŞ-nin Venesueladan neft daşıyan gəmilərə qarşı tətbiq etdiyi genişmiqyaslı dəniz blokadasını yarmaq məqsədilə neft tankerlərindən ibarət “kölgə donanması” yaratmaqda ittiham olunmuşdu.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Son xəbərlər
Son Xəbərlər