Martda Hörmüzdən neçə gəmi keçib?

martda-hormuzden-nece-gemi-kecib
Oxunma sayı: 235

ABŞ və İsrailin İrana hücumlarından sonra qlobal enerji ticarətinin əsas tranzit nöqtələrindən biri olan Hörmüz boğazı vasitəsilə gəmi hərəkətində kəskin azalma qeydə alınıb. Mart ayının əvvəlindən indiyə qədər boğazdan yalnız 77 gəmi keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lloyd's List Intelligence” tərəfindən yayımlanan hesabatda bildirilir.

Qeyd edilib ki, bölgədə yaranan gərginlik boğazdakı gəmi hərəkətinə ciddi təsir göstərib.

Məlumata görə, ötən ilin 1-11 mart tarixləri arasında boğazdan 1229 gəmi keçdiyi halda, bu ilin eyni dövründə bu rəqəm cəmi 77-yə düşüb.

Hesabatda qeyd olunur ki, boğazdan keçən gəmilərin 26 faizi İranla, 13 faizi Yunanıstanla, 12 faizi isə Çinlə əlaqəlidir. Hazırda keçid edən gəmilərin böyük hissəsinin Qərb sanksiyalarından yayınmaq üçün istifadə edilən və əsasən, Rusiya və İranla əlaqələndirilən “kölgə donanmasına” məxsus olduğu bildirilir.

Hesabatda “Lloyd's List Intelligence”in baş analitiki Bricet Diakunun qiymətləndirmələrinə də yer verilib. Onun sözlərinə görə, İran boğazdan keçən gəmilər vasitəsilə ixrac fəaliyyətini davam etdirir.

Diakun bildirib ki, keçid edən tanker və qaz daşıyıcılarının yarıdan çoxu kölgə donanmalarına aiddir və bu gəmilər belə riskli şəraitdə fəaliyyət göstərməyə daha çox alışıb.

Analitikin sözlərinə görə, kölgə donanmasına daxil olan gəmilər, adətən, köhnə, zəif texniki vəziyyətdə olan, sığortasız və mülkiyyət strukturu qeyri-şəffaf olan gəmilərdən ibarətdir.

Qeyd edək ki, qlobal neft tədarükünün təxminən 20 faizinin daşındığı Hörmüz boğazında gəmilərə edilən hücumlar nəticəsində tranzit, demək olar ki, dayanıb.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) mart ayının əvvəlindən bu yana 9 neft tankeri də daxil olmaqla, ümumilikdə 20 kommersiya gəmisinə hücum edildiyini və ya insident barədə məlumat verildiyini açıqlayıb.

Beynəlxalq Dəniz Təşkilatı (IMO) isə bölgədə 16 hadisənin qeydə alındığını, bunlardan 8-nin neft tankerləri ilə bağlı olduğunu bildirib.

Rəsmi məlumatlara görə, İran ABŞ və İsrailin ölkəyə hücumları ilə əlaqəli ölkələrə məxsus gəmilər üçün boğazdan keçidi məhdudlaşdırıb.

Yeni ali Lider Müctəba Xamenei ilk açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması mümkün danışıqlarda əsas rıçaqlardan biri kimi saxlanılmalıdır.