Masallı rayon sakini Xəyal Əzizov ötən il törətdiyi yol-nəqliyyat hadisəsindən sonra vəfat edən şəxsin əslində həkim məsuliyyətsizliyinin qurbanı olduğunu deyir.
“Qafqazinfo”ya müraciət edən X.Əzizov baş vermiş qəzanın və hadisədən bir neçə gün sonra baş verən ölüm halının əlavə araşdırma tələb etdiyini düşünür.
O, qəzada xəsarət alan Famil Əhədovun sonradan keçirdiyi cərrahi əməliyyat nəticəsində həyatını itirdiyini iddia edir: “18 sentyabr 2025-ci il tarixdə, 18:30 radələrində Masallı rayon Qızılağac yolunun Şıxlar kənd ərazisindən keçən zaman əvvəllər tanımadığım Əhmədov Famil Faiq oğlunu küçə işıqlandırılması olmadığından, hava şəraiti çiskin olduğundan öz yolumda maşınla vurdum. Dərhal maşını saxlayıb köməklik göstərib onu Masallı rayon Bioloji Təbabət xəstəxanasına çatdırdım. Vurduğum şəxsin səhhəti tam normallaşdıqdan sonra 24 sentyabrda onun üzərində vacib olmayan bud-çanaq əməliyyatı olundu. 25 sentyabrda səhər saatlarında qəfil vəfat etdi”.
Şikayətçi bildirib ki, həmin vaxt meyit morqa aparılsa da, daxili müayinə olunmadan dəfn olunub: “Meyitin yarılmaması barədə sübutlar var. İstintaq dövründə meyitin yarılması, ölüm səbəbinin tam müəyyənləşməsi barədə vəsadət qaldırdım, qarşı tərəf “barışıq verirəm” deyib vəsatətimi geri çəkməyimi xahiş etdi. Mən də barışığa əsasən vəsatətimi geri götürdüm. İş məhkəməyə barışıq əsasında göndərildikdən sonra məni məhkəmə binasına çağırdılar. Hakim Elşən Hüseynovun göstərişi ilə məndən 7000 AZN pul tələb etdilər, mən isə pulumun olmadığını bildirdim.
Qarşı tərəfin hüquqi varisi, yəni mərhumun atası Faiq Əhmədov iki məhkəmə iclasında şikayətçi olmadığını bildirsə də, işi aparan keçmiş hakim Elşən Hüseynovun göstərişi ilə pul məsələsində razışlaşmadığıma görə qarşı tərəfdən məndən şikayətçi olmağı tələb etdi”.

X.Əzizovun sözlərinə görə, bundan sonra qarşı tərəf ondan şikayət ərizəsi yazıb və məhkəməyə təqdim edib: “Növbəti məhkəmə iclasına Familin atası Faiq gəlməsə də, oğlu gəlib atasının ərizə verib şikayətçi olduğunu bildirdi. Bu zaman prokuror oğluna sual verdi ki, bəs atan iki dəfə məhkəmə iclasında şikayətçi olmadığını bildirib. İndi şikayətçi olmağının səbəbi nədir? Oğlu isə suala cavab olaraq bildirdi ki, atam qardaşımın ekskumasiya olunmağından qorxdu, mən isə atama onsuz dünyasını dəyişib ,qoy ekskumasiya olunsun dedim. Atam da buna görə şikayətçi oldu”.
Şikayətçi əlavə edib ki, artıq hakim Elşən Hüseynovun hakimliyinə xitam verilib: “Barəmdə açılmış cinayət işi hakim Zaur Tağıyevə həvalə edildi. Zaur Tağıyevin dövründə gedən prosesdə həkimlərin məndə olan səs yazılarını hakimə təqdim etdim və vəkilim Bioloji Təbabətin həkimlərinin məhkəmədə dindirilməsini hakimdən xahiş etdi. Ekspert məhkəmədə verdiyi ifadədə meyitin yarılma fotolarının olduğunu bildirsə də, növbəti məhkəmə iclasında bunu təkzib etdi, fotoların olmadığını dedi”.
Şikayətçi üzləşdiyi məsələnin ədalətli araşdırılmasını xahiş edir. O bildirib ki, vəfat edən şəxsin ölümünə yol qəzasındakı xəsarətləri səbəb olmayıb və bu işə yenidən baxılmalıdır.
Masallı Rayon Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan cinayət işi hazırda məhkəmənin icraatındadır və iş üzrə məhkəmə baxışı davam edir: “Tərəflərin irəli sürdüyü iddialara və iş üzrə əhəmiyyət kəsb edən digər hallara yalnız məhkəmə araşdırması zamanı təqdim olunan sübutların tam, hərtərəfli və obyektiv tədqiqinin nəticələrinə əsasən hüquqi qiymət veriləcək. Məhkəmə baxışı yekunlaşmadığından işin mahiyyəti və nəticəsi ilə bağlı əvvəlcədən mövqe bildirilməsi yolverilməzdir”.
Qeyd edək ki, X.Əzizov barəsində əvvəlcə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş açılsa da, ölüm faktına görə sonradan iş 263.2-ci maddəyə tövsif edilib. Hazırda onun təqsirləndirildiyi məhkəmə prosesi davam edir.
Aslan Vəliyev