“Bu şəhərdə”nin “Qafqazinfo”ya müsahibəsi
- Deyəsən böhran bilet qiymətlərinə təsir edib, ötən ilə nisbətən qiymətdə ucuzlaşma var…
- Müşfiq Abbasov: Tək Azərbaycanda yox, başqa ölkələrdə də konsert verənlər belə addım atırlar. Normal haldır, praktika da var. Məsələn, biletin qiymətini neçəyə istəyirlərsə, qoyurlar və bilet satışı onların vecinə olmur. Onlar hər hansı bir qurum, təşkilatlarla danışırlar. Azərbaycanda loru dilində buna “atkat” deyirlər. “Atkat”la danışırlar, biletlərini həmin quruma verirlər. Bu qurumda biletləri öz əməkdaşlarına dağıdır. Onlar düşünür ki, əsas pulu götürməkdir. Həmin şəxslərə kassada satış maraqlı deyil. Bizim praktikamızda heç vaxt belə bir şey olmayıb və biletlərin satışı kasallarda olub. Hansısa qurumlar bizə təkliflər edib. Biz isə buna ehtiyac duymuruq.
Demək istəyirəm ki, bu böhrana görə əməkdaşlarımızdan bir nəfəri belə ixtisara salmadıq. Prinsipial olaraq edə bilərdik, ancaq etmədik. Bəzi xərclərimiz var ki, artım hiss olunur. Gəlirimiz azalsa da, bu konsertin də biletləri satıldı. Əvvəl konserti 3 gün nəzərdə tutmuşduq, daha 2 gün də artırdıq. Gördük ki, hər şey yaxşı gedir, 1 gün də əlavə etdik. İndi sizə özəl olaraq deyirik ki, konsert 7 gün olacaq, bir gün də artıq. Bu da onun göstəricisidir ki, bizim tamaşaçılara iqtisadi böhranın heç bir təsiri yoxdur.

- Bir neçə ildir ki, ənənəvi konsertlər təşkil edirsiz. Bu baxımdan “Planet Parn iz Baku” sizə rəqib göstərilir. Bilet satışı siz də çox olsa da, nədənsə, onların tamaşalarının sizin səhnəciklərdən daha uğurlu olduğu deyilir.
- Müşfiq Abbasov: Sizə bir misal çəkim. Azərbaycanda bir çox xəbər portalları var. Gündəlik insanlar bu saytlardan informasiya əldə edirlər. Xəbər portalları da oxucuların baxış sayına görə uğur qazanır, yerləşdirdiyi reklamların qiymətində artım edir. Sizin sayta insanlar daha çox baxır, çünki reytinqlidir. Bax sualın cavabı budur.
- Rafael İsgəndərov: Çox üzr istəyirəm, amma bizim rəqibimiz yoxdur. Ciddi deyirəm, bu işi biz rəqibliyə görə etmirik. Sırf olaraq dədə-baba peşəmiz budur, işimizlə məşğuluq. İşlərlə Müşfiq ssenari yazır, Coşqun və Rafael teatr səhnəsindədir. 93-cü ildən sırf aktyorluqla məşğuluq. Yəni, işimizi görürük.
- Müşfiq Abbasov: Heç kimin acığına bunları etmirik.
- Rafael İsgəndərov: Bizdə daha çox gurluq olub. Biz biletləri nə yayırıq, nə də paylayırıq. Heç vaxt əvvəldən konsertin sayı ilə bağlı afişanı verməmişik. Həmişə 3 günlük təşkil edirik, əlavə olaraq 2 gün də davam edir. Biz azdan başlayırıq, göstəricilərə uyğun olaraq artırırıq. Mən cənab tamaşaçının dəyərini bizim Şəhriyar Mədəniyyət Sarayındakı konsertimizdə gördüm. Qarlı hava idi, qartəmizləyən maşınlar küçələrdə idi. Tamaşaçılar o soyuqda konsertə gəlmişdi. Söz var ki, sənətkarı xalq yaşadar. Xalq gəlib sənə baxıb alqışlayırsa, bu sənətkarı yaşatmaqdır.

- Bu konsert proqramında hansı sosial və məişət problemləri qabardılacaq?
- Müşfiq Abbasov: Böhran problemi bir çox səhnələrdə yer alıb, bu, hamının bəlalı yeridir.
Bu konsertdə ata Aleksandr Düma ilə Xurşidbanu Natavanın görüşü olacaq. O tarixi görüşün interpritasiyası reallaşacaq. Nəinki, siyasi, həm də geosiyasi məsələlərə toxunulub, qabardılıb. Bu böyük kütlə üçün deyil, bunu bilirik. Praktikada Nizami-Puşkin, Qacar-Vaqif, Otello-Dezdimona kimi qarşılaşmalar olub.
ATV kanalında yayımlanan “Hər axşam” verilişi və aparıcısı Azər Axşam parodiya olunacaq. Bundan başqa ənənəvi olaraq ailə problemləri konsertdə öz əksini tapacaq. Qadınların övlad dünyaya gətirənə kimi çəkdiyi problemlərə də yer vermişik.
- Rafael İsgəndərov: Bir mövzu da var. Konkret qayınana-kürəkən münasibətlərinə toxunacağıq. Kürəkənlər müxtəlif olur, bu səhnədə isə qayınana kürəkəndən qorxacaq. Sonda toy səhnəsi olacaq. Qızıl şlyager Sirtuş Çölçəmənli və qonaqları da səhnəyə çıxacaq. Qonaqlarından biri təkrar obrazdır. Onun adını deməyəcəm. İlk dəfə çıxdığı səhnədən fərqli şəkildə ortaya çıxacaq. O da böhranla bağlı olur. Vaxtı ilə milyaner obrazı olub, qızıl düymələrlə olan pencək və.s İndi isə onun zəmanəyə uyğun vəziyyətini göstərəcəyik.
- Konsertdə məmurlara atmacalar olacaq?
- Rafael İsgəndərov: Bizdə məmurlara heç vaxt atmaca olmayıb. Seçkilər ərəfəsində və sonrakı dövrdə siyasətçiləri verilişlərlə əlaqələndirmişik. Konkret bizdə siyasi mövzu olmayıb. Bu qorxudan irəli gəlmir. Birinci bizim üçün məişət problemləridir.
- Müşfiq Abbasov: Belə şey bizim konsepsiyada yoxdu, bu kimi məsələlərə toxunmuruq. Necə ki, müğənnilər xalq, estrada və klassik ifalarına görə seçilir. Məsələn, estradanı seçən müğənni bu yolda davam edir. Həmin müğənni rep ifa etmir. Biz də əzəldən bu xətti seçmişik. Biz məişət və sosial problemləri qabardırıq.

-Konsertlərinizdə adlarınız da xüsusi fərqlənir. Adətən ikimənalı olur. Bu adlar əvvəldən düşünülür, yoxsa ssenarilər hazır olandan sonra müəyyənləşdirilir?
- Müşfiq Abbasov: Konsertin anonslari 3 ay əvvəldən başlayır. Konsertin anonsu başlayanda təxmini səhnəciklərin nə olduğu başa düşülür. Ancaq həmin səhnəciklər hazır olmur. Daha sonra ssenari yazılır, 1 ay yarım filan aktyorlar məşq edir. Ondan sonra da konsert olur. İstəyirik ki, konsertin adı maraqlı olsun. Elə adlar var ki, insanlar buna fikir vermir. Misal üçün “Əriştə” sözünü deyək. Bu həm “Əriştə”, həm də “ər işdə” mənasını verir. Adları özüm seçirəm.
- “Bu şəhərdə”nin davamçıları olacaq? Məktəb qurmaq fikrində deyilsiz?
- Müşfiq Abbasov: “Bu şəhərdə”nin özü məktəbi bitirməyib, hələ öyrənir.
- Rafael İsgəndov: Aktyor neçə yaşına çatmasından asılı olmayaraq öyrənir. Həyat yenilənir. Dində də deyildiyi kimi insan doğulduğu gündən qəbir evinə kimi öyrənir. Məni Mədəniyyət və İncəsənət Universitetinə müəllimlik üçün dəvət etdilər. Gedib dedim ki, mən heç kəsi öz relsimə sala bilmərəm. Müəllimlik mənlik deyil.
-Müşfiq Abbasov: Onun üçün də ayrıca istedad lazımdır. Maradona Argentina yığmasının məşqçisi oldu. Bu vaxtlar Argentina futbolunun ən uğursuz illəri idi. Amma Maradona yığmada oynayanda çox uğurlu idi. Oyunçu kimi tarixə düşdü. Olimpiya çempionlarımızı misal çəkim. Heç bir çempionumuzun müəllimi də çempion olmayıb. Deməli, o şəxsin istedadı yetişdirməkdir.
- Rafael, siz səhnədə hansısa bir obrazı canlandırırsız. Ancaq bu səhnəciyə tamaşaçılar gülməyəndə pərt olmursuz?
- Rafael İsgəndərov: Bu məsələnin özəyi Müşfiqin bizə ssenari oxuyan vaxtıdır. Bizim aramızda müzakirələr edilir, ən çox partlayış yaradacaq səhnələr deyilir. Müşfiqin bir dərdi var. Elə bilir ki, biz səhnələri məşq etmirik.
- Müşfiq Abbasov: Məsələn, 5 səhnəcik qurulur. Hansısa səhnəcik ürəklərincə olanda, içlərinə yaxşı hopanda mənə elə gəlir ki, həmişə bunu məşq edirlər.Deyirəm ki, kişi kimi bu səhnəcik üzərində niyə çox çalışırsız? Deyirlər ki, o biri səhnəciklərin məşqində sən burada yox idin, ssenarilərin hamısı bizə əzizdi (gülür).
Düzdür, qabaqcadan bəzi obrazların əla olacağı barədə proqnoz qoyuruq. Amma konsert 5-6 gün olanda problemləri axtarmağa başlayırıq. Yəni, hansısa obraz tutmaya bilər. Konsertin birinci günü tutmayan obrazı sonuncu günə kimi səhnəcikdən çıxarmışıq.
- Rafael İsgəndərov: Hə, Şirtuşun bacısı olan obraz…

- Müşfiq Abbasov: Bəli, bunu da heç kəs bilmir, fərqinə varmır. Çəkilişlərə filan da salmırıq. Konsert proqramından çıxarırıq. Sadəcə olaraq bir obraz idi.
- Rafael İsgəndərov: Baxın, belə şeylərdən pərt olmuruq. Üçümüz üçün də dərs olur.
- Müşfiq Abbasov: Ay sağ ol, peşəkarlaşırsan, gələn dəfə bu səhvi etmirsən.
- Rafael İsgəndərov: Həmçinin, elə şey var ki, mən gülə bilərəm, Müşfiq gülə bilməz. Zalda da eyni hal baş verir, 100 tamaşaçıdan 80-i gülməyə bilər. Kadrlara baxanda da bunun şahidi oluruq. Biri gülür, yanındakı ciddi şəkildə oturur. Bu əksinə də baş verə bilir.
- Müşfiq Abbasov: Tamaşaçı obraz olaraq birini bəyənir, ona vurulur. Yəni, belə bir şeydir.
-Sizin konsertlərdə səhnələr obrazlı şəkildə göstərilir. Buna geyim, dekorasiya və.s daxildir. Məsələn, Cem Yılmaz bunlardan heç birini etmir. Nə geyim dəyişir, nə də səhnə…
- Rafael İsgəndərov: Cem Yılmazın bir çıxışına bu yaxınlarda baxmışam. Kinoda filan obrazı çox xoşuma gəlir. Mən bildiyim qədəriylə çəkildiyi reklamların ssenarilərini də özü yazır. Onun stəndapına bir dəfə baxdım, başa düşdüm ki, onun etdiyi stəndapları bizdən çoxdan reallaşdırırıq. Bu mənim tamaşada bir obraz oynayıb, Coşqunun isə bir neçə obraz canlandıran zaman baş verir.
Coşqun gedib əynini dəyişən vaxtı boş qalmıram. Monoloqu gülməli şəkildə danışıram. Bu da stəndapdır. Axırıncı dəfə “Avropasayağı elçilik” səhnəsində hiss etdim. Yalan olmasın, bir 10 dəqiqə səhnədə tək qaldım. 10 dəqiqəni daima zalda gülüş dalğası olub. Biz burada iki janrdan istifadə etməli olmuşuq.
- Müşfiq Abbasov: Hətta, sizin stəndaplar şeir formasında olur. Qacar-Vaqif səhnəciyində paltar dəyişilən zamanda belə hal baş verir. Qacar tək şeirlə monoloq deyir.
-Ssenarilər nə qədər müddətə hazır olur?
- Rafael İsgəndərov: Müşfiq daim axtarışdadır. Tutaq ki, yayda biz dincəlirik, bu adam dincələndə də yazır. Biz də məclis, toy zamanında da axtarışda oluruq.
- Müşfiq Abbasov: Rafael, Coşqun və mən toyda oluruq. Birdə görürəm ki, ya Rafael, ya da Coşqun bir tərəfimi deşir. Deyirlər ki, bax o tərəfə… Hansısa bir obraz buradan yarandı. Bütün toyu həmin şəxsdə gözümüz olur, onun geyiminə, hərəkətlərinə, yerişinə diqqət edirik. Artıq mən orada mətni təxmin edirəm. Hadisələr nə qədər təbii, real olsa daha da ləzzətli olur.

- Rafael İsgəndərov: Sirtuşun geyimini konkret olaraq real həyatda görmüşəm. Onun qəhvəyi qayışı olmalı idi, o da qarnı böyük olduğu üçün alınmadı. Heydər Əliyev adına Sarayın arxasında bu geyimdə birini görmüşdüm. Saç, bığ, geyim tərzi eyni idi. Bir insan sarı, qırmızı, qəhvəyi rəngli paltarları necə bir arada geyinə bilər? Bu küçənin arxasında çay evi var. Gedib dedim ki, çay içməyə nə var? Cavab verir ki, “cumbo” var. Deyirəm o nədir elə? Söyləyir ki, şokolatdır. Baxıram ki, “Çudo” şokolatındann danışır. Daha sonra həmin söhbəti səhnəcikdə istifadə etmişdik.
- Konserti həmişə gündəmdə olan şəxslər açır. Bu dəfə kimlər olacaq?
- Müşfiq Abbasov: Bu dəfə “turetski” açılış olacaq. Yəni, milli müğənnilər olmayacaq. Hande Yener və Sərdar Ortaç duetinə yer vermişik. Olur ki, öz aramızda fikir mübadiləsi aparırıq. Deyirik ki, görəsən bu mahnı Azərbaycanda məşhurdur? Siz də bu mahnını tanıdız, deməli, bu mahnı aktualdır, sevilir.
- Rafael İsgəndərov: Şəxsən mən o mahnını görməmişdim. Müzakirə etməyə başladıq.
- Müşfiq Abbasov: Rafaeldən mənim bu mahnıdan xəbərim yox idi, Coşqun klipi görmüşdü. Yutubda baxışı 100 milyonu keçir. Sizə maraqlı bir şey deyim. Konsertin birinci günü ilə sonuncu gün arasında fərq olur. Hər biri ən azı 5 kq arıqlayırlar. Tam səmimi deyirəm. 2-3 saatın özü insandan çox enerji alır, kalori itirir.
-Ən çox sizin konsertin diskləri pirata məruz qalır…
- Müşfiq Abbasov: Onlarla heç kəs mübarizə apara bilmir. Maksimum çağırışlar etdik. Onlar elə bir virusdur ki, nə ABŞ, nə başqa bir ölkə mübarizə aparmağı bacarmır. Hələ həll edən elə bir ideal ölkə yoxdur. Sadəcə olaraq indi tendesiya dəyişib. Əvvəl video kasset, daha sonra VCD, DVD və internet erası gəldi. Piratçılığın bazarı ölüb. Hər kəs internet vasitəsiylə izləyir, baxır.
-“Bu şəhərdə”ni üçlük kimi tanıyırıq, səhnəciklərdə isə isə Rafael-Coşqun görülür. Nə vaxtsa bu kollektivə əlavə sima qatıla bilər?
- Rafael İsgəndərov: Bu səhnədə olacaq.
- Müşfiq Abbasov: Siz daimi olaraq deyirsiz. Axı tamaşaçılar iki aktyora vərdiş edib? Əlavə 3 aktyor qoşulsa, Rafael-Coşqunda da lap peşəkar olsa belə tamaşaçı bəyənməyəcək. Hamı qoca, nənə, baba kimi obrazların ikisinin oynadığına öyrəşib. Bunun ləzzəti ondan ibarətdir.
- Rafael İsgəndərov: Səhnə oynayırıq, məsələn, ata və oğul səhnəciyi qurulub. Coşqun gedir, tamaşaçı onun başqa bir obrazda gələcəyini maraqla gözləyir. Başqa obrazda gələndə hamının xoşuna gəlir. Dəfələrlə olub ki, bizimlə səhnədə yer alanlar kölgəmizdə qalıblar. Xətirlərinə dəymək üçün demirəm. Elə bil ki, tamaşaçı qəbul etmir, qısqanır. Bu konsertdə Xuraman xanım Xurşidbanu Natavan səhnəsində yer alacaq. Çox gözəl aktrisadır.Bu vaxta kimi işləmişik, böyük layihə olsa, onu çağıracağıq.

-Konsertdə neçə qadın obrazı var? Geyimlər necə seçilib?
- Müşfiq Rəhimov: Geyimlərlə bağlı suala Coşqun cavab versin, indi elə gəldi.
- Coşqun Rəhimov: Geyimləri ssenariyə uyğun seçmişik. Qrim və geyimlər digər konsertlərdəkindən seçilir. İstəmirik ki, eyni formada olsun. Rənglərlə tamaşaçıların gözünü yormaq istəmirik. Moda dəyişir, günümüzə və obraza görə geyimlər seçilib.
Bizim dərzimiz var, onunla məsləhətləşirik və son söz bizim olur. Geyim və qrim bizə çox olur. Məşqdə o obrazı canlandırmağa salışırıq, səhnədə isə geyim və qrim tamamlanır, yaxşı effekt verir. Bu konsertdə 10 qadın obrazı var. Hamısı bir-birindən fərqlidir. Yarısını mən, yarısını da Rafael canlandıracaq.

Elvin Elxan
Fotolar: Nuran