Azərbaycan şərəfli, tarixi, möhtəşəm bir qələbə qazanıb. 30 il dağıdılmış, uçurulmuş, xaraba qoyulmuş torpaqlarda indi cənnət yaradılır. Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu hərbi qələbənin də, sülhün də memarıdır. Bu qələbə bölgəmizdə nəhəng layları tərpədib, yeni reallıq, təkzibedilməz fakt yaradıb.
Kim demişdi ki, asan olacaq?! Məlum idi ki, bu qələbəni həzm etməyənlər, Azərbaycana çox görənlər hər yola əl atacaq. Biz cəmiyyət, xalq olaraq bu 44 gündə və ondan sonrakı dövrdə nələr görmədik... Cilddən-cildə düşənlər, iftira ardınca iftira yağdıranlar, nələr olmadı ki?! Amma bütün bu hücumların qarşısında Azərbaycan Prezidenti mərdanə dayandı, xalqın, dövlətin sipərinə çevrildi, onları dəf etdi, siyasi ustalıqla, peşəkar diplomatik gedişlərlə blokladı. Baxırıq, izləyirik: regionumuz, ətrafımız alov içərisindədir, amma Azərbaycan sabitlik, inkişaf adası kimi irəli gedir. Qalib Azərbaycana, onun müstəqil qərarlarına təsir edə bilmirlər. Əlbəttə ki, bu, çoxlarını yandırır, özündən çıxarır...
İndi əlacsız qalıb heç bir əxlaq, hüquq norması tanımayan mənəvi tör-töküntüləri qabağa veriblər, onları xoruzlandırırlar. Qadın paltarı geyinib kişilikdən dəm vuranlar heç gizlətmirlər ki, hədəfləri Azərbaycan xalqının Qarabağ qələbəsidir, açıq şəkildə deyirlər ki, “İlham Əliyev müzəffər lider deyil”. Onlar şəhid balalarımızın qanını alçatmağa, Müzəffər Ali Baş Komandanın tarixi zəhmətini yerə vurmağa amadədirlər. Bu, hamımıza toxunur, milli heysiyyat məsələmizə çevrilir. Mən dünən QHT Agentliyinin Müşahidə Şurasında vətəndaş cəmiyyəti nümayəndəsi kimi təmsil olunan həmkarım, “Aprel şəhidi”, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın bu mövzudakı şərhini oxudum. Necə də dəqiq ifadə edib! Siyasi kölələr necə də rəzil görünür…
Azərbaycan strateji səbri böyük olan ölkədir, nəyi, nə vaxt və necə etməyi yaxşı bilir. Bu da keçəcək, milli xainlərin aqibətini də görəcəyik… Növbəti dəfə onların yeniləri tapılacaq, üstümüzə başqa üsullarla gələcəklər, öyrəşmişik daha bu viruslara - milli immunitetimiz formalaşıb. Amma onlar cılız təfəkkürləri ilə nə bizi, nə də Azərbaycan Prezidentini yaxşı tanımır. Yoxsa bilərdilər ki, qadın mövzusu azərbaycanlılar üçün nə mənadadır. Biz hətta Vətəni də qadın kimi təsəvvür edirik, Vətənə “ana” deyirik!
Xatirə Vəliyeva
QHT Agentliyinin Müşahidə Şurasının üzvü
Son xəbərlər
Son Xəbərlər