“Məni tanımayanda “Tut ağacı”nın bəstəkarıyam deyirəm...” - Yenilənib

meni-tanimayanda-tut-agacinin-bestekariyam-deyirem
Oxunma sayı: 7853

“Mədəniyyətimiz üçün çox ağır itkidir. Onu qoruya bilmədik. Özü də özünü qoruya bilmədi...”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində “Tut ağacı”nın bəstəkarı, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə deyib.

O, son dəfə konsertindən öncə “Tut ağacı” mahnısı ilə bağlı danışdıqlarını söyləyib: “Əslində xəstəliklə bağlı sonu bilirdik. Amma nə qədər bilsək də, biz elə bilirdik ki, Aygün həmişə yaşayacaq. Bizim onunla çox fərqli münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Məni kimsə tanımayanda deyirəm ki, “Məktəb illəri” və “Tut ağacı”nın bəstəkarıyam. İnsanların siması o anda dəyişir. Mahnıların özü bir xatirəyə çevrildi. Əslində Aygün haqda çox danışa bilərəm, amma hazırda çox çətindir”.

Qeyd edək ki, Aygün Bəylər bəstəkarın bir çox mahnılarının ifaçısıdır.

***

Əməkdar artist Elza Seyidcahan: “Aygün Bəylər mənə həmişə bir böyük kimi hörmət edib. Nə zaman məni görsə, bir kiçik bacı kimi qarşıma gəlirdi. Hörmətimi saxlayırdı, sənətimə böyük dəyər veriridi. Dünəndən anamla özümüzə gələ bilmirik. Şəxsən mənə dedi ki, get, bacılarına, övladına başsağlığı ver.  Onun ölümünə çox üzülürük. Təəssüf ki Aygün Bəyləri tez itirdik. Özündən geriyə bir övladı qaldı. Allah ailəsinə, övladına səbir versin. Çox çətindir. Onun səsi heç vaxt unudulmayacaq”.

***

Xalq artisti Brilliant Dadaşova: “Aygün Bəylərin ruhu şad olsun. İstedadlı insan həyatını itirdi. Allah rəhmət eləsin. Mən onunla danışmamışdım, amma proqramıma dəvət etmişdim. Aygün Bəylərin itkisi hər birimizin kədəridir”.

***

Müğənni Nigar Camal: “Bu gün bizim üçün çox çətindir, böyük itkidir. Son dəfə Aygün xanımla dekabrın 30-da konsertindən sonra danışmışdıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu yenə də Şuşa şəhərinə getmək idi. Dedi, hər şey yaxşı olsa, söz vermişəm, Şuşaya gedəcəyik. Amma çox təəssüf ki, belə oldu... Allah rəhmət eləsin!”

***

Aparıcı Zaur Baxşəliyev: “Aygün Bəylər Azərbaycan musiqi mədəniyyətinin tut ağacı idi. Elə bir tut ağacı idi ki, bundan sonra çox insan ona söykənəcək,onun sənəti kölgə və dayaqları olacaq. Çox insanlar onun tut ağacının altında dincələcəklər. O mənə görə dünyasını dəyişməyib. Yaşayıb və yaşacayaq. Çünki sənəti böyükdür, sənəti ölməzdir. Sənəti ölməz sənətlarlar heç vaxt ölmürlər. Allah rəhmət eləsin!” 

Zaur Baxşalıyev deyib ki, mərhumla sonuncu dəfə Milli Onkologiya Mərkəzində olanda əlaqə saxlayıb: “Həmin vaxt bütün mətbuatda yazılmışdı ki, Aygün Bəylərin vəziyyəti ağırdır. Aygün Bəylərə zəng etdim. Mənə dedi ki, “Zaur, sənin və xalqımın məni bu vəziyyətdə görməsini istəmirəm. Mən sənə söz verirəm, növbəti həftə mütləq verilişə çıxacağam”.

***

Əməkdar artist Bəhram Bağırzadə: “Aygün Bəylər haqqında danışmaq çox çətindir. Bəziləri üçün əməkdar artist, bəziləri üçün müğənni getdi. Mənim üçün isə bu dünyadan namuslu, qeyrətli şəxsiyyət getdi. Allah rəhmət eləsin. Artıq tut ağacımız yoxdur”.

Hüseyn Məmmədsalahov

Fotolar: Xəyal Vəlizadə