“Mərhələli mənzil yanaşması daha çevik və işləkdir”

merheleli-menzil-yanasmasi-daha-cevik-ve-islekdir
Oxunma sayı: 222

“Beynəlxalq Miqrasiya Təşkilatının yanaşmasına görə, miqyasın genişləndirilməsi daha çox düşüncə tərzi və investisiya modelinin necə qurulmasından asılıdır. Biz məhz bu sahədə, daxili köç məsələlərinə dair həllər gündəliyində, fəal tərəfdar və təşəbbüskar qurumlardan biriyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib.

O bildirib ki, təcrübə göstərir ki, çox vaxt mənzil məsələsinə yalnız “neçə ev tikildi” sualı ilə yanaşılır: “Lakin bu kifayət deyil. Daha geniş baxmaq lazımdır: bu evlər torpaq hüquqları ilə təmin olunubmu, orada yaşayan insanlar üçün təhlükəsizlik varmı, maliyyələşmə modeli necə qurulub, yerli idarəetmənin rolu nədir?

Yəni əsas məsələ binaların tikilməsi deyil, həmin binaların dayanıqlı sistemlərlə əlaqələndirilməsidir. Orada qalmaq üçün nəyə ehtiyacları var, hansı hüquqlarla orada yaşaya bilirlər və bərpa prosesində hansı dəstəyə malik olmalıdırlar. Bu isə o deməkdir ki, biz torpaq reyestrlərinə, mənzil siyasətlərinə və maliyyə mexanizmlərinə investisiya qoymalıyıq. Çünki bunlar olmadan sistem davamlı ola bilməz. Bu məsələ xüsusilə vacibdir, çünki köç proseslərinə baxdıqda görürük ki, insanlar əsasən şəhərlərə yönəlirlər. Köç artıq əsasən şəhər fenomeninə çevrilib. Artıq qeyd olunduğu kimi, bu prosesdə bələdiyyələrin və yerli idarəetmənin iştirakı həlledici əhəmiyyət daşıyır”.

Uqoçi Daniels qeyd edib ki, təcrübə göstərir ki, mərhələli mənzil yanaşması daha çevik və işləkdir: “Ən vacib məqamlardan biri isə odur ki, bu evlərdə yaşayacaq insanlar tikinti prosesinə və sistemlərin formalaşmasına birbaşa cəlb olunmalıdır. Təbii ki, maliyyələşmə həlledicidir və qısamüddətli deyil, uzunmüddətli olmalıdır. Biz artıq görürük ki, məhəllə yanaşmaları və qarışıq maliyyə modelləri işlək nəticələr verir.

Bələdiyyələrin və yerli hökumətlərin rolu vacibdir, amma bu kifayət deyil. Diasporanın potensialı, özəl sektor, sığorta şirkətləri də bu prosesə cəlb olunmalıdır. Dayanıqlı mənzilin və onu dəstəkləyən sistemlərin maliyyələşdirilməsi məhz bu geniş tərəfdaşlıqla mümkün olur. Ən vacib məsələ isə budur ki, bütün bu düşüncə tərzi ilk gündən formalaşmalıdır, yəni proses sonradan deyil, başlanğıcdan düzgün qurulmalıdır”.

Lamiyə Məmmədova