Mərkəzi Bank hədəfini açıqladı - Tərəddüdlərin qarşısı alınmalıdır

merkezi-bank-hedefini-aciqladi-
Oxunma sayı: 5519

Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MB-nın 2015- ci ilə dair pul icmalı məqaləsində qeyd olunur. İcmalda bildirilir ki, 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb. Hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür.

“Üzən məzənnə” rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir.

2015-ci ildə manat əksər valyutalara nəzərən ucuzlaşıb. 2015-ci il ərzində manata qarşı ABŞ dolları 98.8%, Avro isə 79% bahalaşıb.

Qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnəsi indeksi 23.3% aşağı düşüb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 23.5% aşağı düşüb.

Qiymət fərqləri real effektiv məzənnəyə 0.2% azaldıcı təsir göstərib.

Qeyd edək ki, real effektiv məzənnənin aşağı düşməsi qeyri-neft ixracının inkişafına və idxalın əvəzlənməsinə müsbət təsir göstərən amildir. Bundan əlavə, 2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib. 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Xarici valyuta təklifinin azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici valyuta gəlirlərinin aşağı düşməsilə izah olunur.

Tədiyə balansı profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunub . Xarici valyutaya tələbin kəskin artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur.

Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirmiş və dollarlaşmanın yüksəlməsinə səbəb olub. Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib.

MB-ın il ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47.4% artaraq 8.8 mlrd. $ təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, Avronun isə 29%-i ilin I rübündə satılıb.

 Günel Türksoy