“Meta” şirkəti “super zəka” istiqamətində fəaliyyətini genişləndirmək məqsədilə yeni və gizli aparat komandası formalaşdırır.
“Qafqazinfo”nun məlumatına görə, şirkətin süni intellekt bölməsi olan “Meta Superintelligence Labs” (MSL) süni intellekt əsaslı cihazların hazırlanmasına fokuslanmaq üçün xüsusi aparat qrupu yaratmağa hazırlaşır.
Belə ki, “Meta” artıq “Reality Labs” bölməsi vasitəsilə ağıllı eynəklər və virtual reallıq qurğuları üzərində işləyir. Lakin yeni təşəbbüs şirkətin fərqli növ süni intellekt cihazları üzərində də çalışdığını göstərir.
Mənbələrin bildirdiyinə görə, “Reality Labs” mühəndislərinin bir qismi MSL strukturuna qoşularaq yeni proqram təminatlarını mövcud qurğular üzərində sınaqdan keçirməyə başlayıb. Hər iki bölmənin sıx əməkdaşlıq etdiyi qeyd olunur.
Şirkətin yeni aparat komandasına rəhbərlik etmək üçün əvvəllər süni intellekt startapı olan “Dreamer”də aparat üzrə rəhbər vəzifəsində çalışmış Rui Xu namizəd kimi nəzərdən keçirilir.
Onun karyerasında “ByteDance”, “Xiaomi”, “Lenovo” və “Tencent” kimi iri texnologiya şirkətlərində rəhbər vəzifələrdə çalışması yer alır.
Son xəbərlər
Son Xəbərlər