“Millidən təklif olub?” sualına - Qurban Qurbanovdan cavab

milliden-teklif-olub-sualina
Oxunma sayı: 4053

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 6:1 hesabı ilə qələbə qazandıqları oyunu belə şərh edib:

“Kəpəz”ə ugurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm. Bu qələbə futbolçulara daha da motivasiya, məsuliyyət verir. Çox şadam ki, bu komanda ilə Azərbaycan çempionluğunu qazandıq. Rəhbərliyimizi də təbrik edirəm. Uğurun ardını gətirməliyik. İl boyu daha yaxşı olmaq istəyiriksə, bu uğurları yeniləmək haqda düşünməliyik.

Qarşıdakı oyunlara tam ciddi məsuliyyətlə yanaşacağıq. Ancaq bəzi oyunçulara istirahət verəcəyik. Bu istirahət oyunçulara daha yaxşı təsir edir”.

Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb: “İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.

Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb: “İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.

Baş məşqçi eyni zamanda Çempionlar Liqasının növbəti mövsümündən öncə bu heyəti qorumaq haqda da danışıb:

“Çempionluqdan sonra futbolçularımı yalnız təbrik elədim. Qaldı ki, heyəti qoruyub saxlamağa, maksimum dərəcədə futbolçularımızı saxlamağa çalışacağıq. Bəzən düşünmədiyimiz metodlar olur ki, futbolçularımızı saxlaya bilməmişik. Ancaq bu, bizdən asılıdırsa, buna çalışacağıq”.