Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi

milyarder-klub-sahibini-sexsi-goruntulerle-santaj-edib
Oxunma sayı: 225

İngiltərənin “Aston Villa” klubunun sahibi, amerikalı milyarder iş adamı Uesli Edens ABŞ-də böyük şantaj qalmaqalının mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı Çanqli Luo şəxsi görüntüləri yaymaqla hədələyərək, Edensdən 1,2 milyard dollardan çox pul tələb edib.

ABŞ mediasının yaydığı məlumata görə, tərəflər 2022-ci ildə “LinkedIn” platforması vasitəsilə tanış olublar. Bildirilir ki, bu yaxınlarda boşanan Edens daha sonra Luo ilə Nyu-Yorkdakı evində görüşüb. İstintaq sənədlərinə əsasən, həmin görüşdən sonra tərəflər arasında münasibətlər gərginləşib və şantaj iddiaları ortaya çıxıb.

Nyu-York prokurorluğunun məlumatına görə, Luo milyarder iş adamının şəxsi görüntülərini ailə üzvlərinə, keçmiş həyat yoldaşına və media qurumlarına göndərməklə hədələyərək, böyük məbləğdə pul tələb edib.

İddialara əsasən, ilkin tələb 7,5 milyon dollar olsa da, sonradan bu rəqəm mərhələli şəkildə artırılıb və ümumilikdə 1,215 milyard dollara çatıb.

Federal Təhqiqat Bürosuna (FTB) müraciət edən Uesli Edensin şikayətindən sonra Luo barədə araşdırma başladılıb. Axtarış zamanı onun evindən gizlədilmiş iki mobil telefon aşkar edilib. Hüquq-mühafizə orqanları həmin cihazlarda Edensin üzünün başqa şəxslərin bədənlərinə montaj edildiyi görüntülərin tapıldığını açıqlayıb.

Çanqli Luo saxlanılıb, daha sonra isə 500 min dollar girov qarşılığında sərbəst buraxılıb. Onun şantaj və digər bir sıra ittihamlarla məhkəmə qarşısına çıxacağı bildirilir.

Qeyd edək ki, 64 yaşlı Uesli Edens sərvətini “Fortress Investment Group” vasitəsilə formalaşdırıb və idman dünyasında da tanınmış simalardan biri hesab olunur.