Minlərlə şəhidin qisasının hesabatı!

minlerle-sehidin-qisasinin-hesabati
Oxunma sayı: 1715

Zəfər seçkisi və onun səsverməsinin nəticələri arxada qalsa da, seçkinin nəticələri hələ qarşıdadır. Qarşımızda uzun illər var ki, xalq olaraq verdiyimiz səslərin nəticələrini və bəhrəsini görək. 

Artıq bu mərhələdə uzun müddətdir gündəm olan seçki prosesindən deyil, ondan sonra baş verə biləcəklərdən danışmaq daha maraqlı olardı. Bu barədə fikir bildirmək üçün isə xalqın etimad ünvanının mövqeyini təhlil etmək çox vacibdir. Çünki xalq və onun seçən kəsimi tanımadığı deyil, ən az iyirmi ildən çox rəhbəri kimi çox yaxından tanıdığı şəxsiyyətə tam etibar etməkdə qərarlı olduğunu bildirdi. Prezident seçkilərindən sonra ən maraqlı və əhəmiyyətli məqamlardan biri də əvvəlki prezidentlik dönəmi ilə yeni prezidentlik dönəmini bir-birindən ayıran son mərhələ kimi andiçmə mərasimi çox vacibdir. Nəzərə alsaq ki, bizdə bu təkcə iki prezidentlik dönəmini deyil, həm də ümumilikdə iki dövrü, zəfərin, bütövlüyün və tam suverenliyin olmadığı dövrlə bu möhtəşəmliklərin olduğu dövrü ayırır. Bu halda bu andiçmənin səsi və ünü daha yüksəklərə qalxır. O qədər qalxır ki, təkcə ölkə daxilində deyil, o cümlədən də ölkə xaricində, həm də bizi istəyənlərlə yanaşı, istəməyənlərin də gözlərini və diqqətlərini o and içməyə fokuslandırır.

Bəs andiçmədə nə oldu? Nə idi bu andiçmənin əvvəlki dörd andiçmədən, lap elə bütün müstəqillik dönəmini götürsək səkkiz andiçmədən fərqliliyi?!
Özünəməxsusluq ilk öncə onda idi ki, etimad ünvanı o qədər böyük hesabatlar verdi ki, elə o hesabatlar ona xalqının beşinci dəfə bu qədər yüksək etimad göstərməsinin açması oldu. O hesabatlar bu seçkiyə qədər bütün Prezident seçkilərindən sonrakı hər andiçmədə verilən vədlər qrafasının bütün hərflərini dəyişdi. Dünyanın istənilən ölkəsində yeni seçilən liderlərin ürəkdən arzulaya biləcəkləri hesabat oldu. Hansı lider xalqına və seçicisinə belə möhtəşəm hesabatları verməyi arzulamaz ki?! Minlərlə şəhidin qisasının hesabatı! Yüzminlərlə köçkünün doğma evinin, ata yurdunun və otuz il əyilib öpmək həsrətində qaldığı müqəddəs torpağının hesabatı. İyirmi Yanvarın, Xocalının, Daşaltının, Başlıbelin və çoxlu sayda digər tükürpədən və qandonduran faciələrin qisasının hesabatı. Şuşa və Xankəndi başda olmaqla 300-dən artıq şəhərin və yaşayış məskəninin azad olunmasının və ümumilikdə bütövlüyün və suverenliyin hesabatı. Təsəvvür edin ki, bu, mənəvi dəyərini bir kənara qoysaq belə, kəmiyyət baxımından hakimiyyətdə olduğu iyirmi ildən artıq bir müddət ərzində hər ilə 15 şəhər və yaşayış məskəni deməkdir. Təkcə Şuşanı azad edib başını ucaltmaq və Xankəndidə qanuni seçkilər keçirmək üçün bir ömür Prezident seçilmək olar.

Bəli, baş verənlər artıq arxada qaldı. İki epoxanı və iki dövrü ayıran yeni and da içildi və daha böyük, daha güclü Azərbaycana işarə edən vədlər də verildi. Azərbaycan xalqının bu əsrin əvvəlindən birgə yola çıxdığı və bu günə qədər ona verdiyi vədlərə və içdiyi andlara tam sadiq olan liderindən bundan sonra da çox böyük gözləntiləri var. Bunu hər bir azərbaycanlının o tarixi andiçməyə hər yerdən dörd gözlə baxmasından demək mümkündür. Ancaq seçilən hər yeni Prezident əslində o andı tək içmədiyi və sözü tək vermədiyi kimi, Prezident İlham Əliyev də içdiyi andı tək içmədi və verdiyi vədləri tək vermədi. Onunla birlikdə o salonda oturub səlahiyyət müddətlərinə qalan son dəqiqələri sayan və yenidən növbəti komandada təmsil olunmaq intizarında olan bütün kabinet üzvləri and içmiş və söz vermiş olur. 

Buradan da o qənaətə gəlmək olar ki, xalqının mütləq səs çoxluğu ilə seçdiyi və etimad göstərdiyi lideri tərəfindən içilən anda və verilən sözə əməl etməyən məmurların aqibəti xalqına və liderinə xəyanət etmiş məmurun aqibəti ilə eyni olmalıdır. Artıq ümummilli problemin həllinə nail olduğumuz yeni dövrdə bu prosesə yönəltmək üçün diqqətimiz də, zamanımız da daha çox olacaq. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların mərkəzində duran sülh prosesinə sərhədimizdə bizə qarşı “durbin siyasəti” və “binokl diplomatiyası” yürüdənlərin AŞPA-da açdıqları siyasi və diplomatk atəşə və Qərbi Zəngəzurdan isə açdırdıqları snayper atəşinə ən layiqli şəkildə cavabı verdik. Ancaq bu o demək deyil ki, bu hücumların ardı kəsiləcək və bizə qarşı hazırlanan “Ermənistanın ərazi bütövlüyü”, “etnik təmizləmə” kimi ikiüzlü və təhlükəli planlar səngiyəcək. Əsla dayanmayacaqlar! Yeni reallıqlarımızı, qələbəmizi və uğurlarımızı qəbul edib həzm edə bilməyənlərin yalan üyüdən dəyirmanlarına su tökəcək məmurlarımızın və ya digərlərimizin əməlləri isə ən böyük xəyanətin cəzasına layiq görüləcək!

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri