371966. Bu rəqəm Mirzə Cəlilin tapançanın nömrəsidir. Bilirəm, qəribə səsləndi: Cəlil hara, tapança hara?! Cəlil qələmi ilə cəhaləti “güllələyirdi”, tapançası ilə cahillərdən qorunmağa çalışırdı. Cəlil qələmiylə “qan elədi”, silahı iləsə canını qorudu.
“Kim Cəlil Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir” fitvasını vermişdilər. Həmin fitvanın yazılı variantını Cəlilə göndərib hədələyirlərmiş. Hətta günlərin birində Yevlaxda qarşısını kəsib qətlə yetirmək istəyiblər.
Müsəlmanlardan özünü qorumaq üçün Tiflisdə müsəlmanlar olmayan Davudovlar məhəlləsində yaşayıb. Hətta Tiflisə onu öldürməkçün üç casus da göndərmişdilər. Köhnə Bakı lotuları Cəlili dini, müsəlmanlığı alçaltmaqda günahkar bilib cəzalandırmaq üçün hər yerdə əl-əl axtarırdılar.
İyirmi beş illik jurnalistik fəaliyyətindən sonra bəziləri onu “milli dili korlayan yazıçı” adlandırırdı.
Doqquz manat puldan ötrü nəşri yubanan “Molla Nəsrəddin” jurnalının ilk sayı nəşr olunan gecə jurnalı 500 nüsxə çıxara bilmək üçün çap maşınında Cəlilin özü fəhlə kimi işləyib.
Əməyinin qiymətini ala bilməyən yazıçıya fasiləsizolaraq təhqiramiz məktublar da göndərirdilər. Cəlilsə həmin məktubları qoruyub saxlayarmış.
Cəlilin xalqımıza olan inamı sarsılmışdı, artıq o, xalqdan qiymət gözləmirdi. “Ey yüz il bundan sonra dünyada yaşayacaq, nəvə vənəticələrimiz, bəlkə, yüz il bundan sonra ”Molla Nəsrəddin”in köhnəlmiş və qat kəsmiş vərəqləri, tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, o vədə deyəsiniz ki, bu rəhmətlik balarımıza böhtan deyib”.
Cəlil Məmmədquluzadənin bədii əsərlərini oxuyanda beynimdə qəribə bir sual doğdu. Cəlilin əsərlərindəki personajlar niyə ölmür? “Danabaş kəndinin əhvalatları” əsərinin xitaməsində Məhəmmədhəsən əminin ölümü verilə bilərdi. Məsələn, yazıla bilərdi ki Məhəmmədhəsən əmi eşşəyi tapandan bir müddət sonra öldü, yazıq eşşəyi ilə ziyarətə gedə bilmədi.. Yaxud “Poçt qutusu” hekayəsində ən sonda Novruzəlinin ölümü müəllif dilinə keçrilərək müəyyən zaman fərqi ilə verilə bilərdi. Təbii ki, Cəlil Məmmədquluzadə bədii texnikanı və əsərin mahiyyətini yaxşı bilirdi. Sualın cavabını özümçün belə yəqinləşdirdim. Migel De Servantesin ”Lamançlı Don Kixot” əsərinin sonunda Don Kixot ölür. Servantes bununla izah edir ki, artıq cəngavərlik romanı da öldü, həmin mühit də, qəhrəman da. Cəlilsə bilirdi ki, hələ yüz il, iki yüz il sonra da bu xalqın novruzəliləri, məhəmmədhəsən əmilləri, xudayar bəyləri, şeyx nəsrullahları müasir imicdə daim olacaqdır. Ol səbəbdən də böyük yazıçı əsərlərindəki istər saf, avam, istərsə də qəddar və hiyləgər personajları öldürmürdü. Onlar necə də salamatdılar.
Son xəbərlər
Son Xəbərlər