Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi yaxınlaşır. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Yanvarın 24-də şəhidə qırx mərasimi veriləcək. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar.
Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar.
Məcburi köçkünlük və yetimçiliklə böyümüş, 21 yaşında isə şəhid olmuş əsgərimizin yaxınları onun məzarı üçün başdaşı hazırlanmasına və qırx mərasiminin verilməsinə maddi vəsait tapa bilmirlər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az saytına şəhidin ata əvəzi-dayısı Mahir Pənahov məlumat verib.
Mahir Pənahov deyib ki, onlara yalnız dəfn günü 3 min manat və sonradan isə əsgərin şəhid olduğu Tərtər rayonundan 1400 manat vəsait göndərilib:
“Dəfn günü Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani bizə kömək məqsədilə 3000 manat verib. Bir də Tərtərdəki hərbi hissədən zabit və əsgərlər adından 1400 manat pul gətirilib. Ondan başqa bizə heç yerdən maddi yardım olunmayıb. Mən də həmin 4400 manatla dəfn xərclərini, şəhidin üç, yeddi, cümə axşamları mərasimlərini yola vermişəm. Bir çətinliklə məzara başdaşı düzəltdirib qoydurmuşam. Amma onun pulunu verməyə imkanım yoxdur”.
Mahir Pənahov bu gün Binəqədi rayon İcra Hakimiyyətindən onu çağıraraq, başdaşı üçün yox, yalnız ehsan verməyə kömək edə biləcəklərini söyləyiblər “Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar müəllim məni çağırdı və dedi ki, “çalışarıq köməklik edək”. Amma başdaşının xərcinı kömək üçün heç bir şey demədilər. İndiyə qədər Binəqədi rayon M.Ə. Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Hümbət müəllim, kənd icra nümayəndəsi Qəzənfər müəllim, bir də səfərbərlik xidmətindən Mehman müəllim bir neçə dəfə zəng edib, bizimlə maraqlanıblar. Onlardan başqa bizim qapını heç kim açmayıb”.
Şəhidin dayısı Mahir Pənahov deyib ki, kömək edən olmasa, qırx mərasiminin yola verilməsi üçün borc götürməyə məcbur olacaq.
“Rəşadı və bacısını mən böyütmüşəm. Mən və həyat yoldaşım onların mənəvi valideynləriyik. Şəhidə belə münasibət bəsləmək olmaz. Son 20 ildə Binəqədi rayonuna gələn yeganə ata-anasız şəhidə belə qiymət verilməməliydi. Bunu mən şəhidə qarşı hörmətsizlik sayıram. Əgər kömək olunmasa, məcburam ki, qırx mərasiminin təşkili üçün borca girim. Başqa əlacım, çıxış yolum yoxdur”.
Şəhidi böyütmüş ana əvəzi Rəbiyyə Pənahova da vətən yolunda canındam keçən əsgərə belə münasibətin onu çox arıtdığını vurğulayıb:
“Allaha and olsun ki, hələ şəhidin məzarının üstü də götürülməyib. Artıq 3 gündən sonra qırx mərasimidir. Yoldaşım - şəhidin dayısı gecə-gündüz stress keçirir, fikirləşir ki, bu uşağın qəbrinin üstünü necə götürəcək... Qırx mərasimini necə yola verəcək... Axı, belə olmaz. Budur şəhidə verdikləri dəyər, qiymət? Axı Rəşad 21 yaşında canını bu vətən, bu dövlət üçün qurban verdi. Üç mərasiminə gələn vəzifə sahibləri yalandan dedilər “nə lazımdısa, kömək edəcəyik”. Amma indi artıq qırx mərasimidir. Heç biri kömək etməyib”.
***
Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani Modern.az saytına açıqlamasında şəhid əsgər Rəşad Cəfərzadənin dəfn mərasiminin təşkili ilə yaxınları və qohum-əqrəbası tərəfindən səsləndirilən bəzi ittihamlara cavab verib:
“Şəhid Cəfərzadənin dəfn mərasimi şəxsən müdafiə nazirinin tapşırığı əsasında necə lazımdırsa, həm dini, həm hərbi ənənələrə uyğun olaraq yüksək səviyyədə təşkil olundu. Ortada görüntülər də var. Şəhidimiz ehtiramla son mənzilə yola salınıb. Onun ata-anası olmadığına görə, Müdafiə Nazirliyinin zabitlərinin şəxsi təşəbbüsü ilə maddi yardım göstərildi. Həmçinin, Cəfərzadənin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri də maddi yardım etdilər. Bunu bizim deməyimizə heç ehtiyac yoxdur. Mən bunlardan geniş danışmağa ehtiyac duymuram.
Müdafiə Nazirliyinə bir məktub gəlmişdi. Məktubda yazılmışdı ki, “Müdafiə Nazirliyinin zabiti dəfn mərasimində deyib ki, “bütün məsələlər bizlikdir”. Amma 15 gün keçməsinə baxmayaraq izləri-tozları yoxdur”.
Mən gedib şəhidin dayısı Mahir Pənahovu tapdım, bu barədə ondan soruşdum. O da hirsləndi ki, həmin məktubdan xəbəri yoxdur, sonradan bilib ki, bacısı yazıb.
Mahir Pənahov elə həmin məktubun üstünə öz imzası ilə yazdı ki, onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından Abdulla Qurbani bu qədər, Tərtərdəki hərbi hissə adından isə bu qədər vəsait verilib. 50 kiloqram yağ, 50 kiloqram düyü və başqa məhsullar gətirilib. Dayısı soruşdu ki, bəs onlar şəhidliyə görə bir dəfə verilən 11 min manat sığortapulunu nə zaman alacaqlar... Mənə söylədi ki, həmin 11 min manatı tez vermək mümkün olarmı... Cavab verdim ki, vallah o vəsaiti vermək bizim əlimizdə deyil. Müdafiə Nazirliyinə aid məsələ olsa, tez edərdik.
Məsələn, deyirlər ki, Səfərbərlik Xidməti filan şeyi eləsin, başqa qurum filan məsələni gerçəkləşdirsin. Axı biz digər qurumları nəyəsə məcbur edə biləmərik.
İndi eşidirəm ki, Şahin Ağayev adlı bir şəxs deyib ki, guya, Abdulla Qurbani dəfndə bütün məsələləri öz boynuna götürüb, amma artıq sinəsini geri çəkib. O adam kimdirsə, çox səhv edib belə sözlər danışır. Mən - Abdulla Qurbani dəfn mərasimində demişəm ki, biz şəhidin intiqamının alınmasını, qanının yerdə qalmamasını boynumuza götürüb, sinəmizi qabağa vermişik. Bu adamlar şəhidin ruhunu incitməsinlər.
Dəfndə biz yalnız şəhidin necə bir əsgər olduğu haqda danışmışıq. Azərbaycan əsgərinin, şəhidin intiqamını almağa hər an hazır olduğunu bəyan etmişik. Şəhidin üç mərasimində icra başçısından xahiş etmişəm ki, yas məclisi təşkil olunan yerin təmirinə kömək göstərsinlər. Digər tərəfdən Abdulla Qurbani nəyə əsaslanıb deməli idi ki, bütün şeyləri biz edəcəyik... Onsuz da Müdafiə Nazirliyi özünün qarşısında duran vəzifədən də çox maddi və mənəvi dəstəyi göstərib. Mənim adımdan o Şahin adlı şəxs danışmasın. Bu nə Allaha, nə də bəndəyə xoş gedər. Abdulla Qurbaninin adını bu cür vicdansızcasına hallandırmasınlar.
Kimlərsə arxada oturub ehsan haqqında fikirləşir. Amma mən-Abdulla Qurbani bu gün səngərdə- Murovdağdayam. Bu gün gəlmişəm Murova, indi qalxıram hərbi hissəyə, oradan da posta gedəcəm. Dünən Ağdamın Ayaq Qərvənd kəndində idim. Gözü-könlü tox şəhid ailəsini gördüm. Şəhidin dayısı da şəhid olub. Amma o şəhid ata-anasının gözü tox idi.
Bu gün yas mərasiminin təntənəsinə ehtiyac varmı ? Mən üç mərasimində ordaydım. O qədər yemək verilmişdi. Heç çox adam da çörək yemirdi. Şəhidin ruhunu narahat etməsinlər. Şəhidin dayısı Mahir çox vicdanlı adamdır. Dayısını da Şahin Ağayev kimilər yoldan çıxarır. Nazirliyə ünvanlanan məktub Mahir Pənahovun adından ünvanlanmışdı. Amma Mahir Pənahovla danışanda, əsəbləşdi ki, xəbəri yoxdur, bacısını da kimlərsə qızışdırıb yoldan çıxarıblar.
Bu gün səhər mənə Səfərbərlik qurumundan zəng etdilər və dedilər ki, onlar İcra hakimiyyəti ilə birgə şəhidin başdaşını da hazır ediblər, özləri məsələni həll edəcəklər.
İndi də 11 min manat birdəfəlik yardımın tez verilməsini istəyirlər ki, pula görə heç kimə ağız açmasınlar. Burada əsas problem odur. Başqa problem yoxdur. Bizim gün ərzində nə qədər işlərimiz olur, rayonlara postlara səfərlərimiz olur. Rayon rəhbərliyi, rayon idarələri var, bu məsələni əslində onlar həll etməlidirlər.
İndiyədək heç bir şəhid ailəsində belə bir problem yaşanmayıb. Onları qızışdırıb qabağa verən Şahin Ağayev adlı adamdır. Şəhidə Allahdan rəhmət diləyirəm. Mərhumun adını, ruhunu ucuzlaşdırmasınlar. Mən ehsandan qabaq döyüşlərdə irəli atılıb Cəfərzadənin intiqamını almağı üstün tuturam. Bu saat mənim əsas vəzifəm budur. Yoxsa arxada oturub şəhidin adından istifadə etmək yaxşı iş deyil”.
