Naxçıvanda 48 saat... - Fotolar

naxcivanda-48-saat
Oxunma sayı: 4025

Naxçıvan haqqında ilk təəssüratımızı təyyarə pəncərəsindən seyr etdiyimiz mənzərə formalaşdırır. Muxtar Respublikanın möcüzəvi energetikası insanı elə şəhərin səmasından ağuşuna alır. Qəhvəyi və boz dağlarla əhatə olunan bu torpaqlarda müasir şəhərlər salınsa da, təbiət öz ilkin gözəlliyini qoruyub saxlayıb. 

Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindəndir. Adı belə əfsanəvi Nuh peyğəmbərlə, “dünya tufanı” ilə əlaqələndirilir. Arxeoloji qazıntılar burada şəhər mədəniyyətinin 5 min ilədək yaşı olduğunu sübut edir. Azərbaycanın “Şərq qapısı” olsa da, keçmiş Sovet İttifaqının ən təcrid olunmuş məkanlarından olması Naxçıvanı çox məhdud sayda səyahətçinin ziyarət etməsinə imkan yaradıb. Son illərə qədər nəinki əcnəbi turistlər, yerli əhali belə Naxçıvanın turizm potensialından kifayət qədər məlumatlı olmayıb.

Artıq Naxçıvanın turizm potensialının tanıdılması dövlət tərəfindən qarşıya məqsəd kimi qoyulub. Bu məqsədlə Dövlət Turizm Agentliyi ilə Muxtar Respublikanın Turizm Departamenti tərəfindən 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planı hazırlanıb. Bölgənin çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi məqsədilə oktyabrın 21-22-də bir qrup media nümayəndəsi üçün mediatur keçirilib.

“Qafqazinfo”nun əməkdaşı da mediatur çərçivəsində Naxçıvanda olub, uzun illər diqqətdən kənarda qalan bu torpaqların turizm imkanları ilə maraqlanıb. 

Canlı tarix, ilkin gözəlliyini saxlayan təbiət

Muxtar Respublikanın mərkəzi Naxçıvan şəhəridir. Hazırda Bakıdan bu şəhərə hər gün beş dəfə uçuş həyata keçirilir. Azərbaycana giriş vizası olan hər kəs Naxçıvana səyahət edə bilər. Hava limanından təmiz və enli küçə ilə şəhər mərkəzinə yollanırıq. Nədənsə, ilk dəfə səfər etdiyim bu şəhər səliqə-səhmanına görə mənə Ankaranı xatırladır. Vaxt itirmədən Naxçıvanı gəzmək, Muxtar Respublikanın bütün görməli yerlərinə baş çəkmək istəyirik. Elə səfər qrafikimiz də həddindən artıq doludur. Yol yorğunluğu Naxçıvanı görmək arzumuza üstün gəlmir, şəhərin ən hündür yerində salınmış Bayraq Meydanından yola çıxırıq. 57 metrlik bayraq dirəyi şəhərin ən hündür ərazisində yerləşir. Buradan Ağrıdağdan İlandağadək bütün Naxçıvan ovuc içi kimi görünür.

Naxçıvanın havasının təmizliyini hiss edirəm. Burada vərdiş etdiyimiz ənənəvi şəhər görüntüsü yoxdur. Müxtəlif inzibati binalar, hotellər, mərkəzlər olsa da, təbiət onların içərisində itib-batmır. Binaların arxasında dağlar da var, yaşıllıq da, səma da. Naxçıvanın hiss olunan ilk fərqi budur.

Əmir Teymurun 14 il mühasirədə saxladığı Əlincə qalası

Növbəti səfərimiz Əlincə qalasınadır. Əlincəçayın sahilində, sıldırım qayaların zirvəsində ucaldılan qala Azərbaycan tarixinin ən səs-küylü dönəmlərinin yadigarıdır. Tarixi qaynaqlarda qalanın iki min il əvvəl tikildiyi ilə bağlı məlumatlar var. Qalanın xatırlandığı ən qədim mənbə “Dədə Qorqud” dastanıdır.

Bələdçimiz söyləyir ki, qala Atabəylər dövründə mühüm hərbi istehkam kimi hökmdar ailəsinin təhlükəsizliyini təmin edən sığınacaq yerinə çevrilib. Dövlətinin xəzinəsi bu qalada saxlanılıb. Əmir Teymur 1387-ci ildə Naxçıvan torpaqlarını tutaraq Əlincə qalası mühasirəyə alıb. Əlincə qalasının müdafiəçiləri Teymur qoşunlarına qarşı 14 ilə qədər qəhrəmancasına mübarizə aparıb və qalanı təslim etməyiblər. 14 illik qəhrəmancasına mübarizədən sonra 1401-ci ildə Əlincə qalası Teymur qoşunları tərəfindən tutulub. Bu hadisədən bir müddət sonra Əmir Teymur Təbrizdən Naxçıvana gəlib, Əlincə qalasının başına çıxaraq onu seyr edib və qalanın əzəməti onu heyran qoyubmuş.

Bələdçilərdən öyrənirik ki, 14 il mühasirədə qalan qalaya yeraltı yolla təminat gəldiyi ehtimal olunur. Lakin həmin yol indiyə qədər tapılmayıb. Qalanın ətəyində yerləşən muzeydə isə ərazidən tapılmış qədim nümunələr – sikkələr, küplər, döyüş alətləri saxlanılır.

Əcəmi seyrəngahı - Möminə Xatun türbəsi 

Naxçıvana gələn hər bir turistin mütləq getməli olduğu yerlərdən biri də Möminə Xatun türbəsidir. Abidə Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşir. Əcəmi Naxçıvani tərəfindən inşa olunan abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Atabəylər dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatunun xatirəsinə bu türbənin tikilməsini əmr edib. Lakin o özü də arvadından az sonra vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırıb (1186). Türbənin sərdabəsində Möminə Xatundan sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunub. 

Türbənin üzərindəki yazı diqqətimizi cəlb edir. Bələdçi ərəbcə yazılmış məlumatı türkcəyə çevirir:

“Biz gedirik ancaq qalır ruzigar,

Biz ölürük, əsər qalır yadigar!

İlahi, bəd nəzərdən uzaq elə”. 

Tarix kitablarından gördüyümüz türbəni canlı seyr etmək, ona əllə toxunmaq isə insanda fərqli duyğular yaradır. Bu hissləri ancaq yaşamaq lazımdır. Türbənin yaxınlığında isə Xan Sarayı yerləşir. Memarlıq üslubu ilə seçilən saray yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilib. Ümumi sahəsi 382 kvadratmetr olan Xan Sarayını XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirib. Şərq memarlıq üslubunda tikilmiş Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Hazırda bərpa olunaraq muzey kimi saxlanılan sarayda Naxçıvan xanlarına məxsus eksponatlar qorunub saxlanılır. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, Naxçıvan xanlığının xəritəsi, döyüş bayrağı və sair nümayiş etdirilir.

“Duzdağ”a ən çox Qazaxıstandan gəlirlər

Naxçıvan həm də özünün nadir duz mağarası ilə məşhurdur. Astma xəstəliyinin müalicəsi üçün illərdir primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Pasiyentlərin yaşından və xəstəliyinin dərəcəsindən asılı olaraq on günə qədər gecələri duz mağarasında keçirirlər. 

Mərkəzin allerqoloqu Nizami Şaxtaxtinski deyir ki, pandemiyaya qədər hər il burada 3500-4000 pasiyent müalicə olunub. Pandemiya dövrü müraciət edənlərin sayında bir qədər seyrəklik müşahidə olunsa da, bu, müvəqqəti xarakter daşıyır. 


Mərkəzə qonşu ölkələrlə yanaşı bir çox Avropa ölkələrindən o cümlədən, İngiltərə, Almaniya, Hollandiyadan müalicəyə gəlirlər. Ən çox ziyarətçi isə Qazaxıstandan gəlir. Qazaxıstanın iqlimi rütubətli olduğundan tənəffüs yolları problemi olanlar burada şəfa tapırlar. 

“Əshabi-Kəhf”- müqəddəs ziyarətgah 

Naxçıvana gəlib “Əshabi-Kəhf” ziyarətgahına baş çəkməmək mümkün deyil. Kompleks Naxçıvan şəhərindən, təxminən, 12-13 kilometr aralı, Culfa rayonu ərazisində yerləşən, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada yerləşir. Ölkənin ən iri ziyarətgahını hər gün yüzlərlə insan ziyarət edir. 

Tarixi eramızdan əvvəl III-I minilliklərə söykənən ziyarətgahda insan sanki başqa bir aləmə düşür. Qocaman dağda qeyri-adi və nəhəng mağaraları var.  Ziyarətgaha onun tarixi və qədimliyi ilə yanaşı, həm də adının müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilməsinə görə səfər edirlər. 

Ziyarətgaha ayaq basan ziyarətçilər “qara daş”la qarşılaşırlar. Bir qədər yuxarıdakı mağarada “Damcıxana” yerləşir. Burada hər 15 dəqiqədən bir qaynayan bulaqdan su damcılayır. İnsanlar daşların üzərində dayanaraq, ya da əyləşərək ürəklərində niyyət tutub gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağına inam yaradır. Damcı düşməsə, deməli, tutulan niyyət qəbul olunmur. 

Ziyarətgahda ən uca yer əvvəllər çıxmaq üçün təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün yaradılan şərait nəticəsində ziyarətçilər dəmir pilləkənlərlə bura rahat qalxa bilirlər. Hər tərəfdən yüksək qayalarla əhatə olunan bu bağ duaların qəbul olunduğu yer sayılır. Kompleksə yol çəkilib, məscid tikilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.

 

Zəngəzurla sərhəddə “Batabat” gölü 

Naxçıvana gələn hər kəsin görməli olduğu yerlərdən biri də Şahbuz dövlət təbiət qoruğunda yerləşən Batabat gölüdür. Qoruq 2200-2400 m hündürlükdəki dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazilərini əhatə edir. Aşırımları keçərək Batabat gölünün qidalandığı Zorbulağa yaxınlaşırıq. Zorbulağın suyundan isə sözün həqiqi mənasında, içmək zorla mümkündür. Burada temperatur Naxçıvan şəhəri ilə müqayisədə xeyli aşağıdır. Elə ərazini turizm üçün faydalı edən həm də temperaturudur. Gölün sol küncündə isə kiçik yaşıllıqdan ibarət ada gözə dəyir. Bələdçidən öyrənirik ki, ada küləyin istiqamətindən asılı olaraq üzüb istiqamətini dəyişdiyindən ona “Üzən ada” deyilir. 

Bütün yol boyu bizi füsunkar təbiət, sarı, qırmızı yarpaqlı ağacları olan meşələr müşayiət edir. Dağların o tayı isə qədim Azərbaycan torpaqları, Zəngəzur meşələridir. Naxçıvanı həm də ona görə sevirəm ki, qürbətdə olan vətən torpaqlarının qoxusunu buradan daha yaxşı hiss etmək mümkündür.  

Bizi müşayiət edən naxçıvanlılardan öyrənirik ki, əvvəllər işlək olan Zəngəzur yolu ilə Laçına gedib-gəlmək mümkün olub. Hazırda açılması gündəmdə olan bu yol yenidən istifadəyə verilsə, bölgə üçün yeni imkanlar vəd edə bilər. 

Nuh Peyğəmbər burada dəfn olunub

Səfərimiz müddətində Nuh peyğəmbərin məqbərəsini də ziyarət edirik. Nuh Peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar əfsanələrin Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir. 7500 il bundan əvvəl baş verdiyi deyilən Dünya tufanı Nuh və ona iman gətirənlərin mindiyi gəminin Naxçıvanda quruya çıxması ilə əlaqədardır. 

Hazırda abidə Nuh peyğəmbərin məzarı üzərində mövcud olmuş məbəd əsasında bərpa olunub.

Səfər müddətində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Naxçıvanın məşhur "Badamlı" sularının istehsal prosesi ilə yaxından tanış oluruq. Amma bu az qala hər daşı, hər qayası tarix olan Naxçıvanı gəzmək üçün qısa müddətdir. 1200-dən çox tarixi abidəsi olan diyarı qarış-qarış gəzmək üçün bəlkə də, aylar lazımdır. Həm də Naxçıvanın göz bəbəyi olan Ordubada getmək imkanımız olmadığına görə təəssüf edirik. Muxtar Respublikaya yenidən gəlmək arzusu ilə xoş xatirələrlə vidalaşırıq. Şəhər bizi qarşıladığı əzmkar görkəmi ilə də yola salır.  

Gülnar Əliyeva

Qeyd: Məqalə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.