Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının qeyd olunması münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Nazirlik kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.
Nazirliyin inzibati binasında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan nazir Xanlar Mustafayev əvvəlcə kollektivi təbrik edib, Nazirliyin uğurları və gələcək hədəfləri barədə danışıb.
Daha sonra ətraf mühitin mühafizəsi sahəsində göstərdikləri fəaliyyətə görə üç şəxs medalla təltif olunub, səmərəli əmək fəaliyyəti ilə fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim edilib.
Tədbir Nazirliyin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.