Naxçıvanda erkən nikahın qarşısı alındı

naxcivanda-erken-nikahin-qarsisi-alindi
Oxunma sayı: 773

Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Muxtar Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Şərur rayonunda erkən nikaha cəhd edilib. Rayonun Ələkli kənd sakini 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib. Həmin məlumat əsasında Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur RİH yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb. 

Toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb.