Neft oğurlamaq istəyən 37 nəfər zəhərlənərək öldü - Nigeriyada dəhşətli faciə

neft-ogurlamaq-isteyen-37-nefer-zeherlenerek-oldu
Oxunma sayı: 368

Nigeriyanın cənubundakı Niger deltasında boru kəmərindən neft oğurlamaq cəhdi faciə ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Nəşr yazır ki, hadisə nəticəsində zəhərli tüstüdən boğulan azı 37 nəfər həyatını itirib.

Agentliyin məlumatına görə, hadisə Rivers ştatının Okrika dairəsində, yaşayış məntəqəsinin yaxınlığında baş verib. Qanunsuz neft alverçilərindən ibarət dəstə xam nefti kənarlaşdırıb satmaq məqsədilə boru kəmərinə qanunsuz birləşmə edib. Əməliyyat zamanı ayrılan toksik buxar kütləvi zəhərlənməyə səbəb olub.

Yerli QHT-lərin verdiyi məlumata görə, cəsədlər çayda aşkar olunub. Çoxlu sayda insanın isə hələ də itkin düşdüyü bildirilir.

Qeyd edək ki, sözügedən boru kəməri Port-Harkort neft emalı zavodundan hasil edilən nefti xaricə ixrac edən “Indorama Eleme Petrochemical” şirkətinə məxsusdur. Nigeriyanın cənubunda bu cür qanunsuz neft oğurluqları tez-tez baş verən hadisələrdəndir.