“Nənəm də qızını həmin faciədə itirib...”

nenem-de-qizini-hemin-faciede-itirib
Oxunma sayı: 3325

Ukraynanın “Eurovision -2016” mahnı müsabiqəsindəki təmsilçisi Jamalanın “Qafqazinfo”ya müsahibəsi

-Bir müddət əvvəl “Eurovision” təşkilat komitəsinin Ukraynaya xəbərdarlıq edilməsi barədə məlumatlar yayılmışdı. Bu xəbərdarlıq Ukraynanın musiqi yarışmasında siyasi məsələlərə toxunmamağından ibarət idi. Ancaq bu il siz “1944” mahnısı ilə Stokholmda çıxış edəcəksiz. Bu mahnıda siyasi çalarlar var?

- Bunların hamısı saxta xəbərlərdir. Siz bizim “Eurovision” komissiyası ilə daim əlaqədə olan deleqasiya rəhbərindən də soruşa bilərsiz. Avropa Yayım Qurumu (EBU) rəsmi şəkildə qeyd edir: “Məşvərət qrupu mahnının adında və sözlərində heç bir siyasi çalarların olmadığını təsdiq edir və “Eurovision” qaydalarına zidd olmadığını bildirir.

- “1944”ün söz və musiqisi sizə məxsusdur. Mahnı necə ərsəyə gəldi?

- Mən mahnını il yarım əvvəl yazmışdım. Mənbəyi mənim uşaqlığımdan gəlir. Əsərim uşaq olanda nənəmin mənə danışdığı hekayədən ilham alınaraq yaradılıb. Mahnı 1944-cü ildə ailəmin və bütün Krım tatarlarının başına gələn faciə haqqındadır. Daha dəqiq desək, Krım tatarlarının 1944-cü ildə Sovet Hakimiyyəti tərəfindən Krımdan Mərkəzi Asiyaya deportasiyasıdır. Onlar insanları həftələrlə yük qatarlarına vəhşi heyvanlar kimi susuz, qidasız şəkildə doldurmuş, sağ qalmayanları isə qatardan tullamış və ordaca qoyub getmişlər. Mənim nənəm də, həmçinin öz qızını həmin faciədə itirib. Amma “1944” insanlara keçmişdə yaşanmış, sanki bir “Holokost” kimi tarixi faciəni xatırladır və onları narahat edir. Biz gələcəkdə belə şeylərin baş verməməsi üçün onları unutmamalıyıq. Mən bu mesajı mümkün qədər çox insanlara çatdırmaq istəyirəm.

- Ən çox bəyəndiyiniz müğənninin keçmiş “Eurovision” təmsilçisi Ruslananın olduğunu qeyd etmisiz. Ruslana mədəniyyətdən çox, siyasətdə də öz sözünü deyir. Məsələn, Maydan hadisələrində konsertlər verdi, xalqı müharibəyə səslədi. Sizin də belə mövqeyiniz varmı?

- Belə düşünmürəm. Mən musiqiçiyəm və həyatımı musiqiyə həsr etmişəm. Siyasətdən çox uzaq biriyəm. Siyasət barədə nəinki danışmaq, hətta düşünmək belə istəmirəm. Lakin, mən də ölkəmin vətəndaşı və millətimin bir üzvüyəm və ölkədə baş verən hadisələr haqqında mənim də fikirlərim var. Jurnalistlər demək olar ki, son iki il yarım mənə hər müsahibəmdə sırf siyasət haqqında suallar verirlər. Ona görə də, hamı düşünür ki, mən qabarıq şəkildə siyasi ifadələrdən istifadə edirəm. Hesab edirəm ki, musiqi və siyasət ayrı olmalıdır. Uzaq olsa yaxşıdır. Siyasətçilər gəlir və gedir, lakin musiqi əbədi qalır.

- Sizcə mədəniyyət yarışması olan “Eurovision” artıq siyasi yarışmaya çevrilib?

-Bəzən siyasətın həyatımızın hər hissəsində olduğunu düşünürəm. “Eurovision” da istisna deyil. Təəssüf ki …

- “Eurovision”a maraq azalıb. Sizcə, bu belədir? Səbəbi nədir?

-Bilirsiniz, Ukraynada vəziyyət tamamilə əksdir. “Eurovision”un populyarlığı ildən-ilə artır. Məncə, sizin misalınızı bir neçə ölkəyə şamil etmək olar. Məsələn, Böyük Britaniya kimi musiqi səhnəsi ilə inkişaf edən ölkələr üçün doğru olduğunu düşünürəm. Onların “Eurovision”a ehtiyacı yoxdur, Çünki həmin ölkələrdə daha nəhəng musiqili tədbirlər və möhtəşəm ulduzlar var.

- Azərbaycan və Ukrayna müsabiqədə bir-birini dəstəkləyən ölkələrdir. Siz bu günə kimi hansı Azərbaycan təmsilçisini bəyənmisiniz?

- Azərbaycan musiqiçiləri əsasən klassik musiqidə özlərinə məxsus tembr və vokal texnikaları ilə fərqlənir, məhşurdurlar. Onları artıq dünya səviyyəli adlandırmaq olar. Ayrı-seçkilik etməyəcəyəm .Vokal məktəbiniz çox güclüdür.

- “Eurovision”ın fan səhifələrində sizin açıqlamalarınız yer alıb. Qeyd etmisiz ki, bu il müsabiqə iştirakçılarından ən çox Fransa, Niderland, Yunanıstan və İsveç təmsilçilərini bəyənirsiz. Bəs təmsilçimiz Səmranın oxuduğu “Miracle”mahnısı ilə bağlı fikirləriniz necədir?

-Səmra yaxşı müğənni olmaqla yanaşı, həm də gözəl qızdır. Onun çox güclü səsi var. Düşünürəm ki, bu il “Eurovision” finalında yüksək yer tutmaq üçün şansı böyükdür.

Elvin Elxan