Nərimanovda süni intellekt əsaslı yeni rəqəmsal layihəyə start verilir

nerimanovda-suni-intellekt-esasli-yeni-reqemsal-layiheye-start-verilir
Oxunma sayı: 285

Nərimanov Rayon İcra Hakimiyyətinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü və tərəfdaşlığı, eləcə də innovasiya ekosistemini təmsil edən “Tedspace” platformasının iştirakı ilə Openwave Açıq İnnovasiya Proqramı çərçivəsində “Rəqəmsal Nərimanov” layihəsi üzrə keçirilən hakatonlar seriyasının ilk mərhələsinə start verilir.

“Qafqazinfo” xəbər verir ki, təşəbbüsün əsas məqsədi Azərbaycan Prezidentinin 27 fevral 2026-cı il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, innovativ yanaşmaların tətbiqi vasitəsi ilə rayon ərazisində kommunal strukturların fəaliyyətinin koordinasiyasının, sistematik nəzarət və monitorinqin rəqəmsallaşdırılmasına nail olmaqdır.  

Hakaton çərçivəsində iştirakçılar Nərimanov rayonunda kommunal strukturların fəaliyyəti sahəsində cari problemlərin və çatışmazlıqların operativ şəkildə müəyyənləşdirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə rəqəmsal platformada təkliflər hazırlayacaqlar. Bununla rayon ərazisində fəaliyyət göstərən müxtəlif strukturların fəaliyyətinin koordinasiya edilməsi, həllərin optimallaşdırılması və idarəetmədə çevikliyin artırılması nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri də rayonun sosial-iqtisadi inkişafın töhfə vermək və  vətəndaş məmnuniyyətinin artırılmasıdır.

Tədbirdə proqramçılar, analitiklər, dizaynerlər, mühəndislər, startap nümayəndələri və innovasiya sahəsində fəaliyyət göstərən gənclərdən ibarət komandaların iştirakı nəzərdə tutulur. 48 saat davam edəcək hakaton müddətində iştirakçılar ekspert və mentor dəstəyi ilə öz layihələrini təqdim edəcəklər.

Bildirilir ki, dövlət idarəçiliyində innovativ və rəqəmsal yanaşmaların tətbiqi müasir idarəetmənin əsas çağırışlarından biridir. Bu baxımdan “Openwave” hakatonu yalnız müsabiqə formatı deyil, eyni zamanda yerli idarəetmədə innovasiya əsaslı yanaşmaların tətbiqinə xidmət edən praktik platforma kimi qiymətləndirilməlidir. 

Nərimanov Rayon İcra Hakimiyyəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə innovativ düşüncəyə malik gəncləri, startap komandalarını və texnologiya sahəsində fəaliyyət göstərən şəxsləri layihədə fəal iştirak etməyə dəvət edir. 

Layihənin qaliblərinə sponsorlar tərəfindən pul mükafatlarının verilməsi nəzərdə tutulur.