Azərbaycan BMT-nin 2026-cı il Elektron Hökumət Sorğusunda Onlayn Xidmətlər İndeksi (OSI) üzrə 56 pillə irəliləyərək 67-ci yerdən 11-ci yerə yüksəlib. Bu nəticə rəqəmsal dövlət xidmətlərinin inkişafında əldə edilən ən nəzərəçarpan göstəricilərdən biridir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın rəqəmsal hökumət sahəsində ümumi irəliləyişi BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro tərəfindən də yüksək qiymətləndirilib.
O, 19 noyabrda Nyu-Yorkda keçirilən mətbuat konfransında ölkənin nəticələrini şərh edib.
Ümumi Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) reytinqində Azərbaycan 2024-cü ildəki 74-cü pillədən 2026-cı ildə 38-ci pilləyə qalxıb. İndeksin ümumi göstəricisi 0,8847 bal olub və iki ildə 16,3 faiz artıb.
Vinçenzo Akvaro bildirib:
“Azərbaycan 2024–2026-cı illər ərzində əhəmiyyətli irəliləyiş əldə etmiş ölkələr sırasındadır. 2024-cü ildə ölkə 74-cü yerdə idisə, indi 38-ci yerdədir. Bu, həqiqətən də təsiredici sıçrayışdır.
Buna bir sıra əsas amillər töhfə verib. İlk növbədə, biz ölkə rəhbərliyinin güclü iradəsini, eləcə də inkişafı dəstəkləyən effektiv normativ-hüquqi bazanı qeyd edirik. Söhbət təkcə kadr potensialından, siyasət və strategiyadan deyil, həm də investisiyalardan gedir: artıq qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli vəsait yatırıb.
Bu, həqiqətən də çox maraqlı ölkədir və mən əminəm ki, Azərbaycanın təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır.”
OSI üzrə Azərbaycan Böyük Britaniyanı (12-ci yer), İslandiyanı (16-cı), ABŞ-ni (18-ci), Kanadanı (20-ci), Norveçi (22-ci) və Avstraliyanı geridə qoyub. Onlayn xidmətlərin qiymətləndirilməsi institusional əsas, xidmətlərin göstərilməsi, informasiya məzmunu, texnoloji inkişaf və vətəndaş iştirakçılığı olmaqla beş istiqaməti əhatə edir.
Azərbaycan institusional əsas göstəricisinə görə dünyada birinci, rəqəmsal dövlət xidmətlərinin göstərilməsi üzrə isə 10-cu yeri tutub. Sonuncu göstəricidə ölkə ümumi EHİİ reytinqində 8-ci yerdə olan Estoniya ilə eyni mövqeni bölüşür.
Bu irəliləyişin praktik istiqamətlərindən biri müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal məkanda birləşdirən mygov platformasıdır. “Bir pəncərə” yanaşması xidmətlərə daha rahat çıxış və vətəndaşların ehtiyaclarına uyğun inteqrasiya olunmuş həllərin inkişafı üçün imkan yaradır.
Dövlət qurumları arasında məlumat mübadiləsinin digital.bridge platforması üzərindən genişləndirilməsi, elektron sənəd dövriyyəsinin inkişafı və “kağızsız hökumət” prinsiplərinin tətbiqi də rəqəmsal xidmət ekosisteminin formalaşmasında mühüm yer tutur.
Son xəbərlər
Son Xəbərlər