“Nəticədə Alisalar, Melisalar getdikcə çoxalır...”

neticede-alisalar-melisalar-getdikce-coxalir
Oxunma sayı: 1022

Vətəndaş cəmiyyəti fəalları yeni doğulan uşaqlara qoyulan adlar və milli kimliklə bağlı ictimai müzakirə aparıb.

“Qafqazinfo” xəbər verir ki, toplantıda qoyulan adların milli kimliklə birbaşa bağlılığı olduğu bildirilib.

Mətbuat Şurasının sədrinin müavini Səadət Məmmədova qeyd edib ki, adlar bir tərəfdən fərdin özünütəsdiq vasitəsidirsə, digər tərəfdən kollektiv yaddaşın və mədəni kodların daşıyıcısıdır: “Bu baxımdan, uşağa verilən ad sadəcə fərdi zövq və ya bir çağırış vasitəsi deyil. Ad - kimlikdir, yaddaşdır, mədəniyyətin daşıyıcısıdır. Bir uşağa verilən ad, əslində, onun gələcəkdə özünü necə tanıyacağına, hansı köklərə bağlanacağına və hansı dəyərlərlə böyüyəcəyinə dair ilk mesajdır.

Bu mövzu təkcə dil məsələsi də deyil. Bu, milli təhlükəsizlik, mədəni davamlılıq və gələcək nəsillərin özünüdərk məsələsidir.

Qloballaşan dünyada milli adlar necə qorunmalıdır, valideyn seçimi ilə milli məsuliyyət arasında sərhəd haradadır, xarici dillərin ad seçimimizə və kimliyimizə təsiri nə qədər təhlükəlidir və s. suallar ətrafında fikir mübadiləsi etdik.

Müasir valideynlərin öz adlarının və ya hansısa adların müxtəlif şəkilçilərindən ibarət yeni ad düzəltməsi, amma bu adların bəzən mənasız olması, ya da milli kimliyi əks etdirməməsi problemlərdən biridir.

Adların seçilməsində yad təsirlər - serial, cizgi filmi qəhrəmanlarının adlarına meyllənmək də gözümüzdən yayınmır. Nəticədə Alisalar, Melisalar getdikcə çoxalır”.

Onun sözlərinə görə, bəzən uşaqlara elə adlar qoyulur ki, bu ad onu gələcəkdə psixoloji təzyiq altına qoyur, ətrafın lağ yerinə çevirir. Ümumiyyətlə, valideynlər seçdikləri adın mənasını araşdırmalıdır.

M.Ə.Sabir Fondunun rəhbəri Sevda Tahirli də maraqlı məqama toxunub. O deyib ki, ərəblər lap qədimlərdə qızlara ad vermirdilər: “Onları doğulduğu ayın, günün sırası (1,2 və s.) ilə çağırırdılar. Bizim bəzi insanlar isə mənasını bilmədən o adları uşağına verir. Ona görə də sadəcə ad lüğəti yox, izahlı ad lüğəti hazırlanmalıdır və gənc valideynlər arasında təşviq edilməlidir.

Özü babasının adını daşıyan gənc iştirakçımız Misir də praktiki təklif səsləndirdi. Deyir ki, orta məktəblərdə şagirdlər arasında yazı müsabiqəsi keçirilsin: “Mənım adımın mənası nədir?” Görək uşaqlar adlarının mənası haqda nə bilir, bilmirsə və hətta bu adı ona qoyan ata-ana, nənə-baba da bilmirsə, hamısı birgə düşünsün: bu adı seçmək doğru qərar olub? Bu şəkildə insanlar getdikcə mənasını araşdırmadıqları adı uşağa verməzlər”.

Bəzi ekspertlərə görə, adı sadəcə gözəl səslənməsinə görə yox, uşağın gələcək taleyini və həyat yolunu düşünərək seçmək məqsədəuyğundur.