Niyə vaxtında qiymət verməyi bacarmırıq?

niye-vaxtinda-qiymet-vermeyi-bacarmiriq
Oxunma sayı: 675

Əli Zeynalov - möcüzədolu səsiylə, lirizmiylə, romantizmiylə, səhnə mədəniyyətinin bütün atributlarına cavab verə bilən davranışı ilə yalnız teatr deyil bütövlükdə milli mədəniyyətimizin işıqlı bir səhifəsi idi. Bəri başdan etiraf edirəm ki, bu işığın saçdığı, gətirdiyi enerjidən mənim də bəxtimə pay düşüb. Bu üzdə sakit görünən ancaq daxilində vulkanlar püskürən sənət fədaimizlə böyüyüb başa çatdığım doğma ata ocağımda qonşu olmuşuq. Uşaq vaxtımdan bir tamaşaya atam mənsiz getməzdi. O üzdən Əli Zeynalovun ecazkar səsinin təsiri, sədaları bu gün də ruhumu qidalandırır.

Əli müəllim 1913-cü il aprelin 4-də Salyan şəhərində əsl ziyalı ailəsində anadan olub. Özünün də etiraf etdiyi kimi həyatı onu dəfələrlə, ürəkyaxan acılarla üz-üzə qoyub. Lakin məhz genetik kodunun sağlam olması heç vaxt onu heç kəsin yanında gözükölgəli etmədı. Yaratdığı obrazlar qalereyyasını səhifələdikcə bu böyük sənətkarın bir-birinə zidd, maraqlı, xarakterik insan talelərini nəzərdən keçirdikcə hər kəsin eyni fikri paylaşacağına əminəm. (“Otello”da Yaqo, “Od gəlini”ndə Elxan, “Antonio və Kleopatra”da Antonio). Nodar Şaşıqoğlunun bütün yaratdığı obrazların səsinin canlandırılmasını məhz Əli Zeynalovun ifasında eşitmişik, sevmişik. Uzaq sahillərdəki “Mixaylo”nun səsinin vurğunu olmayan varmı? Bu möcüzələri yalnız sənət fədaisi, sənət fanatiki yarada bilər. Xatirələri, canlı şahidi olduğum, yaşadığım bəzi anları bu yubiley günlərində dindirmək istəyirəm. Əli Zeynalov məhəlləmizin başında görsənəndə, həmçinin blokdan çıxıb harasa gedəndə böyükdən kiçiyə hamı dayanıb tamaşa edərdi. Şah vüqarlı yerişi, səliqəli geyimi (mütləq qoltuğunda kitab və ya qəzet) heç kəsin diqqətindən kənarda qala bilmirdi. Evlərinin arxa eyvanında əyləşib mütailə etməsinin o qədər şahidi olmuşam ki... Atamla gözəl həmsöhbət idi... Saatlarla bu və ya digər tamaşa haqqında sağlam şəkildə mübahisələrinin şahida olmuşam. Əli Zeynalovdan danışarkən ömür-gün yoldaşı, respublikanın əməkdar artisti Mirvari Novruzovanın adını da hər kəs sayğı ilə çəkir. Əli Zeynalov qədər də zəngin mənəvi irs qoyub gedən aktrisamızın da dünən 90 yaşı tamam oldu. Xanım xatın davranışı, səsinin şirinliyini (Bu səsdə müəyyən obrazlarda lazım gələndə o qədər zəhmli, amiranə çalarları xatırladım) unutmaq mümkündürmü? Ailədə üç övlad var idi. Dildar xanım Əli müəllimin birinci nigahından, Sədaqət xanım Mirvari xanımın birinci nigahından Çingiz isə Əli Zeynalovla Mirvari xanımın sevgisinin nişanəsi. Təsəvvür edin mən özüm bunu eyni blokda yaşadığımıza baxmayaraq uzun illər keçəndən sonra bilmişəm. Buna səbəb hər iki böyük sənətkarın ailədəki yaratdığı sağlam abu-hava olub. Bu gün də bacı qardaş arasındakı eyni səmimiyyət səni sevindirir. Nəsildə Əli Zeynalovun adını daşıyan da var. Dildar xanımın oğul nəvəsi Əli...

Əli Zeynalov kimi sənət fədailərinin bizlərə qoyub getdiyi mənəvi sərvət haqqında bu günə qədər çox xəsisliklə danışılıb və bunun səbəbini araşdırmaq fikrindən uzağam. Sadəcə hamının bildiyi bir həqiqəti tez-tez təkrar etdikcə özüm də utanıram. Niyə özümüzə vaxtında qiymət verməyi bacarmırıq? Bunadamı mənfur qonşularımız mane olur?

PS. Yubiley gecəsində aparıcı ürəkağrısı ilə deyir: “Təəssüf ki, əziz tamaşaçılar Əli Zeynalovun bu müqəddəs teatr səhnəsində yaratdığı misilsiz tamaşalardan heç biri saxlanılmayıb”.

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova