Novruzun gəlişi Şamaxıda belə qarşılanır - Fotolar

novruzun-gelisi-samaxida-bele-qarsilanir
Oxunma sayı: 353

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini tərənnüm edən ən əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır. Novruz Bayramı münasibəti ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində bayram şənliyi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

İştirakçılar öncə mərkəzin foyesində təşkil olunmuş xalqımızın milli dəyərlərini və mədəniyyətini əks etdirən sənət nümunələri və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra bayram konserti proqramında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının müşaiyəti ilə ansamblın bədii rəhbəri Ruslan Adgözəlovun, Muğam Televiziya Müsabiqəsinin laureatı Vəliş Mirzəyevin, ifaçılar Samirə Şamaxılı, Zeynal Əhmədov, Aynur Səmədli, Elməddin Qocayev, Nizami Camallı, Faiq Mirzəyev və Elvin Abdullayevin təqdimatında xalq və bəstəkar mahnıları, muğamları səsləndirilib.

Mərasimdə həmçinin Şamaxı rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən respublikanın Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilovun rəhbərliyi ilə A.Məmmədağa Babayev adına “İncə tellər” aşıqlar ansamblı və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin nağaraçalanlar ansamblı və “Buta” rəqs qrupu çıxış edib.

Tədbir iştirakçılarda əsl bayram əhval-ruhiyyəsi yaradıb.