“O, mənim hər şeyimdi, mən Onun yarısı...”

o-menim-her-seyimdi-men-onun-yarisi
Oxunma sayı: 7980

Azərbaycanın tanınmış şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “Qafqazinfo”ya “O” adlı şeirini təqdim edib.

Həmin şeiri oxucularla bölüşürük:

Mən Onu yaxşı tanıyırdım,

Adam rayonundan idi –

əsli,

Mən Onu yaxşı tanıyırdım,

sözün də açığını sevməzdi –

əsla...

Mən Onu yaxşı tanıyırdım,

düşüncələri təzə şum kimi

alt-üst idi,

Mən Onu yaxşı tanıyırdım,

su da atmazdı arxadan –

o qədər dürüst idi...

Mən Onu yaxşı tanıyırdım,

az yazdı,

amma A-dan Z-yəcən çatardı AZ-ı,

Mən Onu yaxşı tanıyırdım,

Allahdan başqa,

hamıdan qorxurdu yazıq...

Mən Onu yaxşı tanıyırdım,

O, mənim hər şeyimdi...

Mən Onun yarısı,

Mən Onu çoxdan tanıyırdım,

Alın təriylə yazılmışdı

alın yazısı...