“Onların evlənib-boşanması böyük faciədir...” - Leyla Əliyeva

onlarin-evlenib-bosanmasi-boyuk-faciedir
Oxunma sayı: 44891

Teleaparıcı Leyla Quliyeva-Əliyevanın “Qafqazinfo”ya müsahibəsi

-Bir müddətdir AzTV kimi ciddi bir müəssisədə çalışırsız. İTV-dəki iş rejiminiz tamam fərqli idi, müəyyən qədər sərbəstlik var idi. Burada çalışmaq sizə rahatdır?

- Mən İTV yaranan ilk gündən oranın ştatda olan işçisi olmuşam. Apardığım verilişlərdə mənə sərbəstliyin lazım olduğunu deyə bilmərəm. Özüm AzTV-də ştatda deyiləm. Balaş Qasımovun ərsəyə gətirdiyi layihələrin aparıcısıyam. İki verilişimiz AzTV kanalının efirində yayımlanır. Mən AzTV-nin mövcüd olan imicinə tərs deyiləm. Tərzim bunlara imkan verdi, onlarda isə şərait yaratdılar. Məni efirə qaytaran şəxs Balaş oldu. Mən İTV-dən uzaqlaşandan sonra bir müddət holdinqlərin birində ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsində çalışdım. 4 il həm orada, həm də Azerbaijan America Alliance şirkətiylə əməkdaşlıq etdim.

Efirdən uzaq olan vaxtlarda müstəqil olaraq tədbirlər aparmağa da davam edirdim. Efirə qayıtmaq barədə düşünmürdüm. Özümə qarşı iradlarım var idi. Deyirdim ki, mən efirə qayıtsam nə edəcəm? İstəmirdim sıradan bir layihə ilə tamaşaçıların qarşısına çıxım, ümumi axına düşüm. Balaş sağ olsun. İlk əvvəl mənə “61” verilişini təqdim etdi. Bu layihə bütün ölkələrdə var idi, bizdə isə hələ açılmamışdı. Bir şeyi qeyd edim ki, bu verilişin bütün ölkələrdəki aparıcıları kişidir. Azərbaycan yeganə ölkədir ki, aparıcısı qadındır. “61” başlayandan sonra mənə ikinci layihə təqdim olundu, veriliş “Əlaçı” adlanır.

- Teleaparıcılar bir müddət efirlərdən uzaq olan kimi unudulur. Siz özünüzü hansı kateqoriyaya aid edirsiz? Unudulan, ya unudulmayan?

- Mənim üçün gündəmdə olmaq maraqlı deyil. Bu məndə nə kompleks, nə də problem yaradır.Efirdə olmadığım müddətdə daha çox medianın gündəmində idim. Küçədə insanlar arasında oluruq, onların reaksiyalarını görürük. İTV-də qismən tanıyırdılarsa, “Eurovision”da aparıcı olduğumdan sonra daha çox tanımağa başladılar. İnsanlar mənə yaxınlaşır, sual verir, iradlarını bildirirlər. Yəni, hələ də aktuallığımı qoruyub saxlamışam. Onu da qeyd edim ki, kütləvi insan deyiləm. Səs-küylü tədbirlərə getmək, açılışlarda iştirak etmək təbiətimə uyğun gəlmir.Düzdü, məni dəvət edən yerlərə getməyə çalışıram.

Gedəcəyim yerin mahiyyəti çox vacibdir.Görüntü xətrinə belə tədbirlərdə iştirak etmək istəmirəm, bu heç kəsə lazım deyil. Ancaq elə insanlar var ki, belə tədbirlərə daha çox gedirlər, gündəmdə olmağı xoşlayırlar. İstəyirlər ki, şəkilləri saytlarda olsun, hamı onları müzakirə etsin. Mən bunların həvəskarı deyiləm. hamının istifadə etdiyi social şəbəkələrdən belə istifadə etmirəm. əgər haradasa mənim adıma açılan bir səhifə görsəniz tam cəsarətlə şikayət edib,onu bağlatdıra bilərsiniz. Çünki onların mənə heç bir aidiyyatı yoxdur.

- Onu da qeyd edim ki, bir çox ciddi verilişlərin, eyni zamanda xəbər proqramlarının simaları şou verilişləri aparmağa başladılar. Niyə gündəmi zəbt edən verilişlərlə efirə qayıtmadız?

- Hamının etdiyi şeyləri heç vaxt etmirəm. Şou verilişləri trend olsa belə, belə bir şeyləri reallaşdırmaq barədə istəyim yoxdur. Belə deyək, mənim özüm üçün saxladığım bir üslub var. Dostlarım arasında çox şən, deyib-gülən, oxuyan birisiyəm. Hətta, onların ağlına gəlməyən bir çılqınlıq edə bilərəm. Ancaq efirə çıxan ilk gündən üslubum bunun əksinə oldu. Reytinq xatirinə təbiətimin üstündən xətt çəkə bilmərəm. Bəlkə də, kimsə məni şou aparıcısı kimi görür. Sizin demək istədiyiniz şou aparıcısı deyiləm. Biz axına doğru getməməliyik. İnsan öz tərzinə sadiq qalmalıdır.

- Yeri gəlmişkən, siz heç vaxt İTV-dən ayrılma səbəbinizi açıqlamadız…

- Kanaldan “Eurovision” mahnı müsabiqəsininin aparıcısı olduqdan sonra getmişəm. Özümü çox narahat hiss edirdim. Çünki, “Eurovision” müsabiqəsinə hazırlıq vaxtı tamam fərqli iş prinsipinə keçdik. Böyük komanda şəklində işləməyə başladıq, aparıcı ilə işləmək tərzini gördük. Aparıcılara çox geniş üfüqlər açdılar. Düzdü, məndən çox razı idilər. Fransız və ingilis dili tələbi qoymuşdular. Elə müsabiqədə fransız kəlmələri demək ən çox mənim öhdəmə düşmüşdü. Almaniyada təlim keçdik, oradakı abu-havanı gördüm. Elə bil özüm-özümdən incidim. Bundan sonra eyni miqyasa qayıtmaq istəmirdim. İstəyirdim ki, özümü başqa sahəyə yönləndirim. Nə vaxtsa, qayıdıb nəsə edəcəyimə inanırdım. Bu vaxtda mənə iş təklifi gəldi, elə müsabiqə bitəndən sonra isti beyinlə o təklifi qəbul etdim. Öz taleyim və Allahımdan çox razıyam. Elə o vaxtdan “Eurovision” təşkilat komitəsindən də ayrılmaq barədə qərar verdim.

- Hamı İsmayıl Ömərovun kadrı olduğunuz üçün kanaldan ayrıldığınızı deyir.

-Xeyr, belə bir şey yoxdur. İTV yaranan ilk gündən 2012-ci ilədək aparıcılara İsmayıl Ömərov etimad edib, dəstək olub. Mən heç kimin tanımadığı birinci kurs tələbəsi idim. Vokal təhsili alırdım, kastinq olmasaydı bəlkə də, bu sahədə çalışmayacaqdım, musiqiçi kimi fəaliyyət göstərəcəkdim. Aygün Səmədzadə mənə yaşıl işıq yandıran birinci şəxs oldu. Onun sayəsində kastinqə gəldim. İsmayıl Ömərov TV sahəsində təcrübəsi olmayan şəxsləri qısa müddətdə hazırladı, canlı yayıma çıxardı. TV-nin açılış konsertində ilk dəfə aprıcılıq etdim, ölkə başçısı sözügedən açılışda da iştirak edirdi. Yəni, bizə etimad olundu, biz də özümüzü cilalamağı bacardıq. Qəbahətlərimiz də çox idi. İndi əvvəlki verilişlərimə baxanda əsəbiləşirəm.Elə düşünürəm ki, mən əsəbiləşirəmsə, deməli, insanlarda əsəbiləşir. İTV-ni tərk etməyim İsmayıl müəllimin getməyi ilə üst-üstdə düşmədi. Təxminən bir ildən sonra televiziya ilə yollarımı ayırdım.

- Sizə də elə gəlmir ki, artıq aparıcılara istedadına görə yox, kanal rəhbərləri ilə münasibətinə görə qiymət verilir. Yeni gələn kanal rəhbəri eks-direktorun kadrlarını işdən çıxarır.

- Bu yazılmamış bir qanundur, tək TV sahəsinə aid deyil. Bunun qədər absurd bir şey yoxdur. Səndən qabaq bu qurumda çalışan insanlar zəhmət çəkiblər, şirkəti yaradıblar. Daha sonra sən, gəlib insanların əziyyətinin üstündən xətt çəkərək öz komandanı yığırsan. Mən özümə qarşı bunu hiss etməmişəm. Düzdü, indi çox insan məni hələ də İTV-nin siması kimi tanıyır. Bu da onun göstəricisidir ki, biz İTV-nin tanınması üçün maksimum dərəcədə çalışmışıq. Arzu edirəm ki, İTV indən belə yeni simalar ortaya çıxarsın. Onlar da ən azı bizim qədər tanınsınlar.

- Tanınan insanların ailə qurması, ailə quran kimi də ana olması bir qədər qəliz məsələdir. Nədənsə insanlar məşhurların evlilik həyatına ciddi baxmırlar.

-Niyə də yox? Çəki almamaq üçün ana olmursamsa, deməli beynimdə problem var. Özümü hazır hiss etdim, ana oldum. Kim ki, çəki almır, bu xoşbəxt insandır. Mən isə 90 kq çəkiyə sahib oldum. Səhnədə olan xanımlar çəki üçün ana olmayacaqlar? Ana olmaq çox gözəl bir hissdir. Uşağın bircə sənə “ana” deməsinı, qucaqlamasını heç nəyə dəyişmərəm. Yorğun görünmək, efirdən uzaqlaşmaq, çəki almaq kimi şeylər əhəmiyyətsiz söhbətlərdir. Səhnə üçün fədakar insanlar da var. Onlar belə şeyləri nəzərə alaraq ana olmurlar. Həmin şəxsləri də başa düşmək olar.

-Sizin bir fotonuzu gördüm, artıq dərəcədə çəki almışdız.

- 90 kq çəki almışdım ( gülür). Bunlardan xilas olmaq üçün pəhriz tutdum, özümə qadağalar qoydum. Normal vaxtı çəki alan zaman pis olursan, ancaq ana olan zaman alınan çəki normal şeydir. Bundan xilas olmağın yolları var. Axşam yağlı kartofla çörək yeyirəmsə, nəticə etibarı ilə çəki alıramsa, bu anormallıqdır. Qadın özünə diqqət etməlidir, artıq çəki sağlamlıq demək deyil.

-Göz önündə olan insanların şəxsi həyatı hər kəsə maraqlı olur. Ancaq məşhurlar tez ailə həyatı qurub, tez də yollarını ayırırlar. Hətta evli olan cütlüklərə “Nə əcəb boşanmamısız?”,- sualını verirlər.

-Məsələn, reklam üçün evliliklər var. Bu dünya praktikasında belədir. İstəməyən iki insanı bir araya gətirərək evləndirirlər. Hər iki şəxsin reytinqinin artması üçün bu addımı atırlar. Piarçı olsam da, mənim üçün bu üsul yaddır. İnsanların hissi, şəxsi həyatı deyilən bir şey var. Şəxsi həyat elə şəxsi olaraq qalmalıdır. Bizdə vaxtilə görmədən evlənmək kimi bir təcrübə də var idi. Getdikcə bu tendensiya bitəcək. Yeni gənclik tanımadıqları insanlarla evlənməyin əleyhinədir.

Ailə qurmaq 400 nəfərin bir araya gəlib kabab yeməyi deyil. Biz ömür boyu bu şəxslə bir arada olacağıq, ondan uşaq dünyaya gətirəcəyik. Amma şou-biznes səhnəsində kim evlənib-boşanırsa bu böyük bir faciədi. Ailə dağılması hər kəs üçün problemdir, o ailədə uşaq varsa, bu ikiqat problemdir. İki böyük insanın səhvini uşaq çəkir. Uşağın nə günahı? İnsanları da tanımaq olmur. Bir insanla neçə il dostluq edə bilərsən, anidən bir cəhətini görüb bütün keçmişdə olanları silərsən.

- Həyat yoldaşınız əvvəl sizinlə İTV-də işləyirdi, bəs indi?

-Xeyr, onun prodakşını var. Tədbir təşkilatçılığı ilə məşğuldur, çəkilişlər də edir. Lazım olanda mən ona, o da mənə məsləhət verir. Həyat yoldaşın sənin partnyorun olmalıdır. Həm işdə, həm evdə…Ailədən başqa bizi birləşdirən layihələrimiz və maraqlarımız var.

- Sayt və qəzet jurnalistlərindən fərqli olaraq TV-də çalışan aparıcılar daha çox elit görünməyə can atırlar, özlərini dəbdəbəli və imkanlı biri kimi göstərməyə çalışırlar. Bunun səbəbi nədir?

- Mən təəssüf edirəm, insan nə qədər dərin olursa, bir o qədər də maddiyatdan uzaqlaşır. Bizim başına and içdiklərimiz insanlar dəbdəbəli yaşayıblar? Yazıçı, bəstəkarlar qlamur həyat tərzi görüblər? Komersiya tərəfini nəzərə alaq. Kimi əlçatmaz görürüksə, elə bilirik həmin insan ulduzdur. Və onlar kimi həyat sürmək istəyirlər. Bunların hamısı marketinqdir.

- Murad Dadaşov açıqlamasında yerli kanalları tənqid etmişdi, aşağı səviyyədə fəaliyyət göstərdiklərini bildirmişdi. Bir aparıcı kimi sizin buna münasibətiniz necədir?

- Murad Dadaşovu inovativ və peşəkar bir mütəxəssis hesab edirəm. Azərbaycanda ən reytinqli şou verilişlərinə imza atıb. Bir məqamda subyektiv fikrimi bildirmək istəyirəm. TV sahəsində biliyi olan insanlar bu məsələni müzakirə etsinlər. Hamımız deyək ki, televiziya sahəsi bərbad vəziyyətdədir. Bunu deməklə inkişaf olacaq? Mənfiləri hamımız bilirik. Problemləri biliriksə, bu məsələni qaldıraq, müzakirə edək. İnkişafı kim istəməz? Murad Dadaşov kanalların mövcüd problemlərini hamımızdan yaxşı bilir. Bu kimi problemləri həll etmək üçün kimsə təşəbbüskarlıq etməlidir. TV dünyasında işləyən insanların zəhmətini yerə vurmaq, xəncərləyib üstündən keçmək olmaz. Kanallarda çalışanlar peşələrini çox sevirlər. Əvvəlcə insanlar maddi tələbatlarını ödəmək üçün çalışırlar. Maddiyatı güdməyən qəhrəman insanlar da var. Problemlər çoxdur, burada müzakirə etməyin də yeri yoxdur. Sadəcə baltalamaqla iş irəliyə getməyəcək.

- Sizdə maaşa görə çalışmayan qəhrəmanlardansız?

- Tam səmimi olaraq deyirəm ki, işimi pul üçün etmirəm,maddiyatı düşünmürəm. Şükürlər olsun ki, ailəm mənə dəstəkdir, aparıcılıq fəaliyyətim var, pr və marketinq xidməti ilə məşğulam. Verilişlərim də reytinqli və şou sahəli deyil ki, oradan gəlir qazanım. Ümumiyyətlə, bizim ölkədə bu mümkün deyil. Əgər işim mənə xoş gəlmirsə, aldığım maaş da bərəkətli olmayacaq.

Elvin Elxan

Fotolar: Nuran

Nizami Kino Mərkəzində yerləşən "Nizami Restaurant and Lounge"a təşəkkürlər.