Onunla eşq yaşayır, dərdlərini bölüşürlər... - Həyəcan təbili

onunla-esq-yasayir-derdlerini-bolusurler
Oxunma sayı: 4442

Məlum olduğu kimi, artıq süni intellekt (AI) bütün dünya üzrə tədrisə və ailə həyatına sürətlə inteqrasiya edib.

“Qafqazinfo” “The Economist”ə istinadən xəbər verir ki, artıq uşaqlar həm məktəbdə, həm evdə süni intellektdən misli görünməmiş şəkildə istifadə edirlər.

Məqalədə qeyd olunur ki, “uşaqlar süni intellektin həm pionerləri, həm də sınaq obyektləridir”.

Amma bunun üstünlükləri olduğu qədər ciddi riskləri də var.

ABŞ-də əksər məktəblərdə AI artıq dərslərin ən adi hissəsinə çevrilib.

RAND Corporation araşdırmasına görə, Birləşmiş Ştatlarda orta məktəb müəllimlərinin 69%-i, şagirdlərin isə 61%-i artıq AI-dən istifadə edir.

Nəşr qeyd edir ki, bu rahatlıq bəzi xoşagəlməz halların əmələ gəlməsinə zəmin yaradır:

“Khan Academy-nin Pifaqor adlı AI simulyasiyası bir-iki açar sözlə şagirdlərin bütün tapşırıqlarını həll edirdi. Bu isə müəllimləri şoka salmışdı.

Digər tərəfdən, hökumətlər bu prosesi sürətləndirməyə çalışır. ABŞ Prezidenti Donald Tramp (2025) məktəblərə süni intellekti bütün fənlərə inteqrasiya etməyi tövsiyə edən sərəncam imzalayıb. Çin 2030-cu ildən etibarən bütün məktəblərdə AI dərslərini məcburi etməyi planlaşdırır”.

Belçikada isə minlərlə şagird “Microsoft”un AI əsaslı oxu proqramlarından istifadə edir. Bu proqram uşaqlarını səsini yazır, səhvləri göstərir, mətni istədiyi dildə oxumağa şərait yaradır.

Başqa bir beynəlxalq platforma olan “Google” isə fərdiləşdirilmiş dərs modeli üzərində işləyir.

Çində isə valideynlərin artan rəqabəti fonunda AI müəllimləri ənənəvi repetitorların yerini alıb.

Bir çox startap ayda on minlərlə AI dərs tableti satır.

Belə olan halda ilk ciddi narahatlıq cəmiyyətin özəyi olan uşaq və gənc nəsildə düşünmə qabiliyyətinin zəifləməsidir.

Belə ki, artıq yeni nəsil özü ideya yaratmaqdansa, istehsala fokuslanır.

Məqalədə deyilir ki, AI məktəbdən sonra da AI uşaqlardan əl çəkmir.

“Tekken 8” kimi oyunlar artıq oyunçunun səviyyəsini təhlil edib ona uyğun “AI rəqib” yaradır.

“Roblox”da isə AI ilə yaradılan trend oyunlar valideynlər xəbər tutana qədər milyonlarla gəncin həyatına girir.

AI həm də oyuncaqlara “can verir”. Çində satılan yumşaq oyuncaqlar uşaqlarla danışır, nağıl uydurur, dil öyrədir.

ABŞ istehlakçı təşkilatı xəbərdarlıq edir ki, bəzi AI oyuncaqları uşaqları təhlükəli məzmunlara yönləndirmə bacarığına da malikdir.

“Common Sense Media”nın araşdırmasına görə, ABŞ-də gənclərin yarıdan çoxu mütəmadi olaraq AI ilə söhbət edir, 13%-i hər gün danışır, hər on gəncdən biri AI-ni dost və ya sevgili kimi görür, üçdə biri vacib problemlərini yaxınlarına deyil, ona danışır.

Bu isə təhlükəli situasiyalara yol açır. Məqalədə buna bənzər keyslər də yer ayrılıb:

“16 yaşlı Adam Raine aylarla ChatGPT ilə danışdıqdan sonra intihar etdi”.

Onun valideynlərinin iddiasına görə, çatbot hətta özünəqəsd məktubu yazmağa da kömək təklif edib.

ABŞ, Çin və Avropa artıq AI-nin uşaqlara təsirini araşdırır. ABŞ Senatında uşaqlara AI dostlarının tam qadağan edilməsi ilə bağlı qanun müzakirə olunur.

“OpenAI” isə sentyabrda “ChatGPT”yə xüsusi “uşaq rejimi” əlavə etdiyini açıqladı.

Tənqidi düşüncəni zəiflədib yanlış emosional bağlar yarada, təhlükəli məzmuna yol aça bilən AI ciddi psixoloji böhranlara səbəb ola bilər.

Qeyd edək ki, bu qəbildən olan internet oyunları, süni intellekt aludəçisi olan gənc və yeniyetmələrin ölkəmizdə də çoxsaylı qurbanları olub.

Hələ bir neçə gün öncə paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb.

Atasının sözlərinə görə, yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Yaxınları isə onun təhlükəli oyunların qurbanı olduğunu bildirib.