Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) bu gün keçirilməsi planlaşdırılan Partiya Məclisinin iclasından əvvəl Özgür Özelin komandası kütləvi istefa verib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, iclasa iki saat qalmış Özgür Özeli dəstəkləyən 28 üzv Partiya Məclisi üzvlüyündən istefa verdiyini açıqlayıb.
Bildirilib ki, bu addım partiyada növbədənkənar qurultayın keçirilməsinə nail olmaq üçün atılıb. Ümumilikdə Partiya Məclisində 57 üzv var idi və istefalardan sonra üzv sayı 29-a enib.
Özelin komandası qeyd edib ki, bununla da qanunvericiliyə uyğun olaraq partiyada 45 gün ərzində qurultay keçirilməsi artıq məcburi hal alıb.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub. Bunun ardınca partiya daxilində tərəflər arasında siyasi qarşıdurma və mübahisə yaranıb.
Son xəbərlər
Son Xəbərlər