“Özünü bloqer kimi təqdim edən valideyn uşağıma zorakılıq etdi” - Yenilənib

ozunu-bloqer-kimi-teqdim-eden-valideyn-usagima-zorakiliq-etdi
Oxunma sayı: 2626

Bakıda valideyn övladının məktəb yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir. 

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Seymur Musayev müraciət edib.

Onun sözlərinə görə, övladı ilə 7-ci sinif şagirdi arasında mübahisə düşüb: “Uşaqdırlar, bu kimi hallar yaşana bilər. Amma digər uşağın valideyninin haqqı yoxdur ki, gəlib mənim övladıma qarşı məktəbdə zorakılıq etsin”. 

Atanın iddiasına əsasən, övladı ilə mübahisəli olan uşağın anası məktəbə gələrək onun oğlunu divara itələyib: “Uşaqların arasında mübahisə yaranıb. Lakin uşağın anası mənim oğlumu vuraraq hədələyib. İndi mənim övladım qorxduğu üçün məktəbə getmək istəmir”.

Valideyn qeyd edir ki, tərəflər arasındakı qalmaqala müəllimlər müdaxilə edərək aranı sakitləşdiriblər.

S. Musayev bildirib ki, Sona Qulizadə adlı həmin valideyn özünü bloqer kimi təqdim edərək hədə-qorxu gəlib: “İstədim ki, gəlib övladımdan üzr istəsin. Amma o mənə dedi ki, kimə şikayət edirsən et, mən bloqerəm”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən polis kapitanı Nurlan Əliyev saytımıza bildirdi ki,  şikayət barədə polisə müraciət olunub. Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

****

Hadisənin baş verdiyi məktəbdən “Qafqazinfo”ya bildirilib ki, ötən gün 6-cı və 7-ci siniflərin iki şagirdi (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlığa sonradan müdaxilə edən valideynlərdən biri digər şagirdlə mübahisə edib: “Məsələyə dərhal müəllimlər müdaxilə edib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, şagird və valideynlərlə söhbət aparılıb. Övladına qarşı münasibətdən narahatlıq keçirən digər valideyn isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib”.

Açıqlamada qeyd edilib ki, məktəbdə uşaqların təhlükəsizliyinin təmin olunması, uşaqların psixoloji zərər görməməsi və məktəb-valideyn əməkdaşlığının inkişafı daim diqqət mərkəzində saxlanılır, davamlı zəruri maarifləndirmə işləri görülür.

Fidan Etibar