“Pərviz çox söyüş söydü” - “Kəllə Kəlləyə”də dava

perviz-cox-soyus-soydu
Oxunma sayı: 12921

Azərbaycanlı reperlər üçün “döyüş” səhnəsi olan “Kəllə Kəlləyə”də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, “Elektra Events Hall”da baş tutan böyük dueldə izdiham yaşanıb. 

Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. 

O, səhnəyə çıxaraq Tibunun ifasının zövqünə yaxın olduğunu vurğulayıb: 

“Ad günümdə lazım olmayan bir ana düşmüşəm. Hər iki repçi bombadır, istedaddır. Uşaqlar, söhbət sırf mənim zövqümdən gedəcək. Kimsə yaxşı və ya pis deyil. Hər ikisinə uğurlar. Səsimi Tibuya verirəm”.

Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edərək klubu tərk etməyəcəklərini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb.

Pasterin məğlubiyyəti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız olaraq qərar çıxardıqlarını iddia ediblər. 

Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib:

"Eşit uşaq, sən artıq deyilsən döyüşdə şah! 5 münsif köhnə repçilərdir.  Yəni, müsif məsələsi bağlandı. Bu döyüşdə repə rep oldu. Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni, həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq".

Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub. Tibu instaqramda bu məsələyə toxunaraq “bundan sonra mənimlə döyüş 20 mindir” şərhini yazıb.

Məsələyə jüri kürsüsüdə əyləşən Dost Nəğd Pul da münasibət bildirib. O, sosial şəbəkədə status yazaraq münsiflər heyətinin düzgün seçilmədiyini vurğulayıb: “Zalda olan gözəl səslənməyə baxmayaraq, biz (münsiflər) dayandıqları səhnə kənarında səslənmə çox pis idi. Münsiflər demək olar ki, deyilənlərin yarıdan çoxunu eşidə bilmirdilər. Exo bütün sözləri qarışdırırdı.

Eşitsələr də, başa düşmürdülər. Bəzisi hətta eşitməyə cəhd etmirdi. Təəssüf ki, rep üçün bu qədər vacib bir döyüşdə münsiflərin səhv qərarları oldu. Döyüşə eşidənlər yox, eşitməyənlər səs verdi. Şübhəsiz ki, hamı bildi ki, qalib Pasterdir. Məsələ ümumiyyətlə Tibunun çıxışında da deyil. Sadəcə Paster o qədər güclü çıxış etdi ki, AzRap-dən istənilən MC-yə qalib gələrdi. Formal qalib Tibu, əsl qalib Pasterdir”.

Digər münsif üzvü İdris Cəfərov isə “Qafqazinfo”ya açıqlamasında jürilərin doğru qərar verdiyini bildirib:

“Pasterin zalda auditoriyası çox idi. Tibunu isə birinci dəfə görürdüm. Azad döyüşə gəldikdə isə Paster taftalogiya tərzində ifa edirdi. Tamaşaçı məncə bir o qədər peşəkar dəyərləndirmir. Tamaşaçı brendə baxır, Pasterin adı Tibudan öncə gəlib. Sadəcə belə oldu ki, tamaşaçılarla münsiflərin fikri üst- üstə düşmədi.  Biz, hətta təşkilatçılarla da danışdıq. Fərid Dadaşov onlara bildirdi ki, siz bizim münsif kimi fikrimizi öyrənməyə dəvət etmisiz, yoxsa zalın fikri ilə razılaşaq?”.

Qeyd edək ki, münsiflər Fərid Dadaşov, Dost Nəğd Pul (DNP), Togga, Aydın MİM və İdris Cəfərov olub.

Paster

Tibu KM