Pentaqonun İrana qarşı “son zərbə” planı - 4 variant

pentaqonun-irana-qarsi-son-zerbe-plani
Oxunma sayı: 1206

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı müharibə ssenarisində “son zərbə” kimi qiymətləndirilən genişmiqyaslı hərbi variantları müzakirə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” iki ABŞ rəsmisi və iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu planlara quru əməliyyatları və kütləvi bombardman da daxil ola bilər.

Belə ki, diplomatik danışıqlarda irəliləyiş əldə olunmasa və xüsusilə Hörmüz boğazı bağlanarsa, regionda hərbi eskalasiya ehtimalı kəskin şəkildə arta bilər.

Müzakirə edilən planlar arasında İrana qarşı bir neçə strateji variant ön plana çıxır:

- İranın əsas neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi və ya blokadaya alınması,

- Hörmüz boğazına nəzarətdə mühüm rol oynayan Larak adasının işğalı,

- Əbu Musa adası və ətrafındakı mübahisəli kiçik adaların nəzarətə götürülməsi,

- Boğazın şərq hissəsində İran neft tankerlərinin bloklanması və ya ələ keçirilməsi.

Bundan əlavə, ABŞ ordusunun İranın dərinliklərində yerləşən nüvə obyektlərinə qarşı yerüstü əməliyyat planları hazırladığı da bildirilir. Alternativ olaraq, bu obyektlərə genişmiqyaslı hava zərbələrinin endirilməsi də nəzərdən keçirilir.

Mənbələr qeyd edir ki, Donald Tramp hələlik bu variantlardan heç birinin icrası barədə yekun qərar verməyib. Ağ Ev rəsmiləri isə mümkün quru əməliyyatlarını “hipotetik” kimi qiymətləndirirlər.

Bununla belə, danışıqlar nəticəsiz qalarsa, Tramp administrasiyasının daha sərt addımlar atmağa hazır olduğu vurğulanır. Ağ Evin sözçüsü Kerolayn Livitt İrana xəbərdarlıq edərək bildirib ki, razılaşma əldə olunmazsa, ABŞ “əvvəlkindən daha sərt” zərbə endirə bilər.

ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyi bildirilir. Yaxın günlərdə regiona əlavə qırıcı təyyarə eskadrilyaları və minlərlə hərbçinin göndərilməsi gözlənilir. O cümlədən, 82-ci Hava-Desant Diviziyası bölməsinin də yerləşdirilməsi planlaşdırılır.

İran rəsmiləri isə ABŞ-nin addımlarına ehtiyatla yanaşır və Vaşinqtonun danışıqları təzyiq vasitəsi kimi istifadə etdiyini düşünür. İran parlamentinin spikeri Məhəmməd Bager Qalibaf bildirib ki, ölkəsinə qarşı mümkün hücum planları diqqətlə izlənilir.

Onun sözlərinə görə, hər hansı hücum halında regiondakı hədəflərə qarşı genişmiqyaslı cavab tədbirləri görüləcək.

Məlumata görə, Pakistan, Misir və Türkiyə tərəflər arasında vasitəçilik edərək danışıqların təşkilinə çalışır. İran ilkin ABŞ tələblərini rədd etsə də, danışıqların tamamilə istisna olunmadığı bildirilir.