Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmədə ittiham olunan dörd zabitin məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, əvvəlki iclaslarda ittiham tərəfinin bütün şahidləri dindirilib, iş materialları tədqiq edilib.
Bakı Hərbi Məhkəməsində budəfəki iclas gərgin keçib. 33 aydır həbsdə olan zabitlər heç vaxt demədiklərini danışıb, bəzi iddialar səsləndiriblər.
Əvvəlcə Hərbi Hava Qüvvələrinin maliyyə-xidmət rəisi işləmiş polkovniki Cəlal Kazımov hakim Fikrət Əliyevdən icazə alaraq ona verilmiş ittihamın ağırlığından gileylənib.
Cəlal Kazımovun çıxışını eyni rütbəli müttəhim yoldaşı Bayram Bayramov davam etdirib. Məhkəmə istintaqının sonuna kimi çox az hallarda danışan Bayramov bu dəfə susqunluğunu pozub.
Müttəhimin istintaq təcridxanasında hazırladığı səkkiz vərəqlik çıxışı məhkəmənin gedişatını dəyişib. Sonuncu dəfə quru qoşunların maliyyə xidmət rəisi olmuş təqsirləndirilən şəxs işlədiyi dövrdə baş verən qanunsuzluqlardan danışıb: “2018-2019-cu illərdə N saylı hərbi hissədə maliyyə-xidmət rəisi işləyəndə xüsusi tapşırıq adı ilə 95 min manat, maliyyələşmə və nəzarət-təftiş şöbəsinə isə 429 min 184 manat pul verilib. Bunu maliyyə-təsərrüfat fəaliyyətini yoxlamış Süleyman Abbasov da təsdiq edib.
Bundan başqa, eyni illərdə hərbi hissə komandiri olmuş polkovnik Xalid Məmmədovun xərclərinə hər ay 6 min manat olmaqla, ümumilikdə 18 min manat xərclənib. Ondan sonra hərbi hissə komandiri işləmiş polkovnik Rəşad Salmanovun xərclərini qarşılamaq üçün isə 18 aya 108 min manat verilib. Bütün bunlar kənarlaşdırılan vəsaitlərdən gedib.
2019-21-ci illərdə başqa hərbi hissədə eyni vəzifədə işləmişəm. Eyni qaydada orada da komandirlərin tapşırığı ilə fərqli yerlərə pullar köçürmüşəm. Hərbi hissəyə gələn qonaqların və digər xərclərin ödənməsi üçün Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazasına və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ayda 480 min manat vəsait ödənilib. Mağazadan məhsulları aşbazlar, sürücülər və digər şəxslər götürürdü.
2021-ci ilin oktyabrından 2022-ci ilin fevralına kimi də Gəncə şəhərində yerləşən hərbi hissədə işləmişəm. Bu müddətdə də 33 min manat kənarlaşma olub”.
Bayram Bayramov dediklərini nəzərə alaraq polkovnik Xalid Məmmədovun, polkovnik Rəşad Salmanovun və vəsatətdə qeyd etdiyi daha bir neçə nəfərin məhkəmədə dindirilməsini xahiş edib.
Bayramovun dedikləri onunla birgə mühakimə olunan Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin rəisi işləmiş general Nizami Məmmədov üçün də gözlənilməz olub: “Mənim üçün fövqəladə vəsatət oldu. Hesab edirəm ki, təmin olunmalıdır”.
Qaldırılan vəsatət digər məhkəmə iştirakçıları kimi dövlət ittihamçısı üçün də gözlənilməz olub. Bu səbəbdən müzakirə üçün hakimdən vaxt istəyib.
Proses iki həftə sonra-25 oktyabrda davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Sail Ağasəlim