Prezident Şuşada tikinti-bərpa işləri ilə tanış oldu - Fotolar - Yenilənib

prezident-susada-tikinti-berpa-isleri-ile-tanis-oldu
Oxunma sayı: 7138

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövləti başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

Bildirilib ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılıb.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir.

Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.