Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - Fotolar

prezident-yeni-sefirlerin-etimadnamelerini-qebul-etdi
Oxunma sayı: 2285

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd etdi və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin sədrlik müddətinin uzadılmasına göstərdiyi dəstəyə və etimada görə Konqo tərəfinə təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırdı, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxunub, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən səfir ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəal iş apardığını, Konqonun Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəklədiyini bildirdi. David Maduka Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirdi. Səfir Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev fevralın 7-də Namibiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini də qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir Klemens Xanduukeme Kaşuupulva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı bildirdi ki, Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Prezidenti qeyd etdi ki, siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilmiş Zirvə Görüşündə Namibiyanın dövlət başçısının iştirakını məmnunluqla xatırlatdı. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycana Namibiyanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsinin Azərbaycanın təşəbbüsü olduğunu vurğuladı. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının vacibliyini bildirdi, bu cür yanaşmanın daha ədalətli olacağını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğuladı. Gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.

Səfir Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Namibiya dövlətinin başçısı 2019-cu ildə Zirvə Görüşü zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayır.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Namibiyanın Prezidentinə çatdırmağı xahiş edib.

Etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməkdən məmnunluq duyduğunu deyən səfir ölkələrimiz arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha da inkişafı üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Klemens Xanduukeme Kaşuupulva öz növbəsində iqtisadi-ticari əlaqələrin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunuldu, təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulandı, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan da tələbələrin Azərbaycanda təhsil aldığı qeyd edilib.

***

Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin də etimadnaməsini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirdi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, həmçinin turizm imkanlarının və biznes strukturları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanla Laos arasında həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Prezident İlham Əliyev BMT-dəki islahatlar çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin rotasiya əsasında BMT Təhlükəsizlik Şurasında təmsil olunması ilə bağlı Azərbaycanın təklifinin əhəmiyyətini vurğulayıb.

Səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyevə salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos Prezidentinə çatdırmağı xahiş edib.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən səfir Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Sovet dövründə çoxlu sayda laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edən Vilavan İyapohe hazırda onların Laosda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini bildirib.

Səfir ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

***

Prezident İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun da etimadnaməsini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Vyetnama səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı, bu səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müxtəlif bəyanatların qəbul edilməsi istiqamətində səylər göstərilərkən onların qəbul olunmasının qarşısının alınmasında Vyetnamın Qoşulmama Hərəkatının üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qoşulmama Hərəkatının digər üzvləri ilə birlikdə ölkəmizlə həmrəylik nümayiş etdirməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxundu, bu xüsusda Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ildə başa çatacağını vurğulayan dövlətimizin başçısı dedi ki, əsas məqsəd Azərbaycandan sonra sədrliyi öz üzərində götürəcək üzvlərə şamil olunacaq işlək mexanizmin təsbit edilməsidir. Belə bir yanaşma sırf beynəlxalq ədaləti əks etdirəcək. Dövlətimizin başçısı, həmçinin gələn ay Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində zirvə görüşünün Azərbaycanda keçiriləcəyini deyib.

Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Prezident İlham Əliyev hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirdi. Dövlətimizin başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladı və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxundu, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.

Azərbaycana səfir təyin olunmaqdan məmnunluğunu ifadə edən Danq Min Xoy Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Tronqun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam Kommunist Partiyasının Baş katibinə çatdırmağı xahiş edib.

Səfir Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini bildirdi. O, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ Sovet İttifaqının rəhbərliyində olan zaman töhfələrini məmnunluqla xatırlayıb, Ulu Öndərin Vyetnama səfərinin münasibətlərimizin inkişafında böyük rol oynadığını qeyd edib.

Dövlət başçısı da Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə Vyetnama səfərini xatırlayıb, Ümummilli Liderin ölkələrimiz arasında münasibətlərin genişlənməsinə daim öz töhfəsini və dəstəyini verdiyini dedi. Prezident İlham Əliyev Vyetnam xalqının qəhrəmanlığına, əzminə həmişə böyük hörmətlə yanaşdığını qeyd edib.

Diplomat Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini və Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırdı. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını bildirib.

Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.