Provayderlərə xəbərdarlıq edildi

provayderlere-xeberdarliq-edildi
Oxunma sayı: 1920

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi provayderlərə xəbərdarlıq edib.

Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumat verilib. Bildirilib ki, quruma istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur. İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.

Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər. İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.

Eyni zamanda tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur.