“Şəhər siyasətləri, o cümlədən mənzil siyasəti bir çox hallarda gender yanaşmasını yetərincə nəzərə almır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Argentinanın Kordoba Milli Universitetinin professoru, QHT rəhbəri Ana Falu deyib.
“Bu siyasətlər və tədbirlər qadınların bütün müxtəliflikləri ilə birlikdə ehtiyac və tələblərini tam şəkildə tanımır. Əksər hallarda belə yanaşmalar əmək bölgüsündə mövcud gender bərabərsizliyini daha da möhkəmləndirir, qadınların əməyini dəyərsizləşdirir və onları yalnız ailə kontekstində təqdim edərək görünməz hala gətirir.
Biz hesab edirik ki, mənzil məsələsinə dar çərçivədə yanaşmaq olmaz. Anlamalıyıq ki, mənzil sadəcə yaşayış məkanı deyil”, - deyə o bildirib.
A.Falu əlavə edib ki, şəhərsalma və mənzil siyasətinin olmaması qadınların həyatında qayğı və reproduktiv əməyin yaratdığı bərabərsizliklərin daha da dərinləşməsinə səbəb olur. Bu siyasətlər müstəqil həyata, təhlükəsizliyə və sosial bərabərliyə birbaşa təsir göstərir: “Siyasətlər gündəlik həyatın reallıqlarına fokuslanmalıdır, gender əsaslı zorakılığa, qayğı əməyinə və reproduktiv işə. Çünki bütün bunlar bir-biri ilə bağlıdır və reproduktiv əməyin davamlılığını formalaşdırır. Bu məsələlər siyasiləşdirilməli, prioritetləşdirilməli və qərarvermənin mərkəzinə yerləşdirilməlidir.
Qadınların siyasətin əsas subyekti kimi nəzərə alınmaması artıq mövcud olan bərabərsizlikləri daha da ağırlaşdırır. Bu isə ziddiyyətlər və sosial gərginliklərlə dolu dünyada həm qadınların, həm də onlardan asılı olan insanların həyatına ciddi təsir göstərir.
Məhz buna görə də şəhərlərin hər bir məhəlləsində, xüsusilə genişlənən və parçalanmış urban məkanlarda, yoxsulluğun hökm sürdüyü ərazilərdə və sosial yaşayış mühitinin formalaşdırdığı şəhərlərdə kompleks qayğı sistemlərinin yaradılması vacibdir.
Bu sistemlər icma təşkilatlarını və yerli həmrəylik şəbəkələrini tanımalı və dəstəkləməlidir. Çünki artıq anlayırıq ki, qayğı yükü yalnız ailələrin üzərinə düşmür, burada icmalar və kollektiv dəstək mexanizmləri də mühüm rol oynayır. Buna görə də şəhərsalma və mənzil layihələndirilməsində zaman və məkan anlayışları nəzərə alınmalıdır”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər