“Qardaşlıqdan danışırıqsa, bu, şəraitə görə dəyişmir”

qardasliqdan-danisiriqsa-bu-seraite-gore-deyismir
Oxunma sayı: 2319

“Azərbaycanla Türkiyə arasında ikitərəfli ticarətin həcmi 6 milyard dolları keçib. Qarşılıqlı sərmayələrimiz 30 milyard dollardan artıqdır. Biz regionumuzun və ölkələrimizin sabitliyi üçün böyük layihələr həyata keçirmişik. Bu əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik. Bir millət, iki dövlət, iki dost, qonşu ölkə olaraq əlaqələrimizi hər sahədə daha da irəli aparırıq”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı Ankarada təşkil olunan tədbirdə çıxışı zamanı Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

O, çıxışında CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun “Həyatımın ən böyük layihəsi” adlandırdığı “İpək Yolu Layihəsi”nə Azərbaycanı daxil etməməsi barədə də danışıb: “İnanırıq ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda milli iradə öz sözünü deyəcək və ölkəmiz üçün faydalı nəticələr verəcək. “Doğru insanla yola davam” deməklə təkcə ölkəmiz üçün deyil, bölgədəki sabitlik üçün də Türkiyə əsrini başlamaq istəyirik. Millətimiz ilk turda Azərbaycanı “İpək Yolu”ndan silən zehniyyətə yol vermədi. Millətimiz Boraltan körpüsündə (1944-cü ildə 100-dən çox azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən məhv edilməsi ilə nəticələnən hadisə - red.) iztirablara səbəb olan zehniyyətin davamına “dur” dedi. Qardaşlıqdan danışırıqsa, bu, zamana, vəziyyətə, şəraitə görə dəyişmir. Türkiyə-Azərbaycan qardaşlığı əzəlidir, əbədidir”.

F.Oktay, həmçinin əlavə edib ki, qarşıda bizi regionda sülh və əməkdaşlığı artıracaq daha çox layihələr gözləyir: “Biz enerjidən nəqliyyata, kənd təsərrüfatından müdafiə sənayesi əməkdaşlığına qədər hər sahədə çiyin-çiyinə dayanmağa davam edəcəyik”.