Qarşımızda duran əsas vəzifə!

qarsimizda-duran-esas-vezife
Oxunma sayı: 2981

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində etdiyi geniş və proqram xarakterli nitqi ilə ötən dövrə yekun vurdu, dövlətimizin qarşısında duran hədəfləri, prioritetləri açıqladı, ölkəmiz üçün yeni dövrün başlandığını elan etdi.

Prezident vurğuladı ki, bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq və bu dövrün böyük nailiyyətləri olacaq. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı qeyd edib: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik”.

Azərbaycan müstəqillik əldə etdikdən bu yana dövlətimizin qarşısında dayanan bir nömrəli problem məhz Qarabağ münaqişəsi idi. Münaqişənin həlli, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi qarşıda yeni bir səhifə açdı. Əlbəttə ki, bu səhifənin açılması heç də asan başa gəlməyib. Bunun üçün böyük və çətin bir yol keçilib. Tarixi qələbəmizi şərtləndirən amillər sırasında təbii ki, qətiyyəti, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət və güclü Azərbaycan amili dayanır. Azərbaycanı güclü edən həm də ordu quruculuğu sahəsində görülən mühüm işlər, hərbi sənayenin qurulması və inkişaf etdirilməsi, iqtisadi inkişaf, güclü iqtisadi sistemin formalaşdırılması, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həlli, ən əsası isə cəmiyyətdə sabitlik və təhlükəsizliyin hökm sürməsi, Azərbaycanın sabitlik adasına çevrilməsidir. Ölkəmizin gücünə güc qatan mühüm məqamlardan biri də cəmiyyətin konsolidasiyası, xalq-iqtidar birliyi, vahid ideya ətrafında birləşməsi oldu. Sonuncu prezident seçkilərinin nəticələri də xalqın öz liderinə sonsuz inamını və yüksək dəstəyini göstərdi. İlham Əliyev müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi.

Dövlət başçısı öz nitqində bu məqama toxunaraq deyib: “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.

Dövlət başçısı hələ bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur.

Prezident andiçmə mərasimində yeni dövrün prioritetlərini açıqlayıb və bəyan edib ki, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Bunun ikinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq: “Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər”.

Yeni reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi, sərhəd infrastrukturunun yaradılması məsələləri prioritetdir ki, bu da Azərbaycanı xarici risklərdən qoruyacaq. Bu mənada cəmiyyətimizin xaricdən gələn ideoloji basqılara davamiyyətinin artırılması üçün ideoloji bütövlük və tamlıq, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dövlət başçısı üçün ideoloji bütövlük və tamlıq, azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiva olunur.

Sitat: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir... İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır... Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”.

Növbəti önəmli vəzifə işğaldan azad olunmuş ərazilərin, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində işlərin davam etdirilməsidir. Eyni zamanda böyük qayıdış da sürətli şəkildə davam edəcək. Bu gün azad edilmiş ərazilərdə misilsiz işlər görülür. Dövlət başçısının qeyd etdiyi kimi, 120 min hektardan artıq ərazi minalardan təmizlənib, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Plana görə, ilin sonuna qədər azad edilmiş torpaqlarda 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkün yerləşdiriləcək. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb. Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir.

İqtisadi, sosial sahədə də mühüm nailiyyətlər var. Prezidentin vurğuladığı kimi, bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün 2003-cü ildə ÜDM 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və bu 20 il ərzində valyuta ehtiyatlarımızın nə qədər artdığını göstərir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında yeni dövr üçün yeni hədəfləri bəyan edib. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin yaxından müdafiəsi, monopoliyaya qarşı mübarizə və eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var: “İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni drayverlərindən birinə çevriləcək. Yeni dövrdə sosial təminat tədbirlərinin gücləndirilməsi özünü əməkhaqqı və pensiya artımlarında da göstərəcək. Azərbaycan Prezidenti son 20 ildə iqtisadi və sosial göstəricilərdəki artımları qeyd etməklə yanaşı, bu sahədə işlərin daha da genişləndiriləcəyini bildirdi. Bu o deməkdir ki, yeni mərhələdə sosial təminat tədbirləri ünvanlığı ilə seçilməklə yanaşı, həssas qrupların daha yaxından müdafiəsinə imkan yaradacaq. Bütövlükdə Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, yeni inkişaf dövrü olacaq”.

525.az