Qaxa güclü qar yağdı, bu kəndlə əlaqə kəsildi - Video

qaxa-guclu-qar-yagdi-bu-kendle-elaqe-kesildi
Oxunma sayı: 4227

Ötən gündən bəri bölgələrə yağan güclü qar Qax rayonunun Sarıbaş kəndində fəsadlar yaradıb. Nəticədə kəndlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Qax Rayon İcra Hakimiyyətinin Sarıbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahid Hafizovun “Qafqazinfo”ya bildirdiyinə görə, hazırda kəndə yağan qarın hündürlüyü 45 sm-ə çatır.

Onun sözlərinə görə, problemin aradan qaldırılması istiqamətdə iş aparılır: “Qar çox yağdığına görə yolun açılması üçün texnika cəlb edə bilmirik. Aidiyyəti qurumlara məlumat verilib və problemin aradan qaldırılması ilə bağlı iş gedir. Yəqin ki, sabah yol açılacaq”.

Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir. Kənddə 10 ailə yaşayır.

***

“Report”un məlumatına görə, güclü qar yağması ilə Cəlilabad rayonunda da nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb. Cəlilabadın dağlıq kəndlərində qarın hündürlüyü 50 sm-ə çatıb. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır.

Hazırda rayonlarda müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin, elektrik enerjisinin bərpası üçün qəza briqadaları işlər aparırlar.

Qeyd edək ki, Qaxıın Sarıbaş kəndinə yağan güclü qarla bağlı sosial şəbəkələrdə də görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:

Mübariz Muradov