Daxili stabillik
Qəddafinin ölümü Liviyanı təlatümlərdən xilas edə bilməyəcək. Inqilab etmiş xalqlar günlərlə, saatlarla həyatlarının müsbətə doğru dəyişməsini arzulayırlar. Bunun isə baş verməsi mümkün deyil. Liviya diktatoru eksentrik bir lider idi və 42 il ölkəni dəmir yumruqla idarə etmişdi. Ölkənin yeni konstitutsiyasının yazılması, yeni qanunların qəbul edilməsi bir ildən çox vaxt aparacaq. Nəzərə alsaq ki, Liviyanın Keçid hökuməti 30-dan çox tayfadan formalaşıb, o zaman məlum olur ki, hakimiyyət uğrunda mübarizə də ciddi olacaq. Liviyanın köçəri ərəb tayfalarının ayrıca olaraq, öz ənənələri, liderləri və fərqli dünya baxışları var. 42 illik Qəddafi zülmü altında inləyən tayfalar da demokratik təsisatlar nədir bilmirlər. Bir dənə olsun belə demokratik təsisat yoxdur. Insan hüquqlarını qoruyan təşkilatların olmaması, polis və hərbi birləşmələrin dağınıq olması, milyonlarla silahların əllərdə toplanması, Liviyanın stabilliyinə ciddi maneələr törədəcək.
Qəddafi silah anbarlarının qapısını əhalinin üzünə açıb silahlanmaqlarını əmr etmişdi. Bu silahların əhalidən yığılması bir neçə il çəkə bilər. Bunun nəticəsində Liviyada insan oğurluğu, insan qaçaqmalçılığı, silah satışı və quldurluq hadisələri hələ ən azından bir il davam edəcəkdir.
Iqtisadi stabillik
Liviya varlı ölkə olsa da, əhalisi kasıbçılıq həddində yaşayırdı. Bütün var-dövlət Qəddafi və ailəsinin əlində toplaşmışdı. Onlar xalqa özlərinin bir əmlakı kimi yanaşırdılar. Liviya xalqının ayaqda qalmasına xarici neft şirkətlərinin sərmayələri, tikinti şirkətləri və s. sahələrə investisiya yatıran əcnəbi şirkətlər yardımçı olurdular. Ən azından Türkiyə Cümhurriyyəti yüz minlərlə Liviyalını iş yerləri ilə təmin edirdi. Bütün bu işlərin yenidən bərpası, müqavilələrə yenidən baxılması, dağıdılmış infrastrukturun bərpası illərlə vaxt aparacaq və ola bilsin ki, Liviyayılılar Qəddafi dönəmindən də ağır iqtisadi çətinliklərlə üzləşsinlər. Bu, hətta, acınacaqlı da olsa, Qəddafi rejiminə nisgil də yarada bilər.
Liviyanın əsas gəlir mənbəyi neft ixracatı təşkil edib. Bu ilin fevral ayında başlayan anti-Qəddafi iğtişaşlarından öncə Liviyanın neft ixracatı gündəlik 1.8 milyon barrel təşkil edib. Hal-hazırda isə, bu gündəlik 200,000 barrelə bərabərdir. Gələn ilin yanvarında isə hasilatın gündəlik 500,000 barrelə çatacağı gözlənilir. Belə aydın olur ki, Liviya yardımsız keçinə bilməyəcək. Amma, yardımlar da kifayət edə bilməz. Liviyaya ciddi pullar verilməli, ya da Qəddafinin dondurulmuş hesablarındakı vəsaitlər Liviyayaya qaytarılmalıdır. Bu da tezliklə baş verə bilməz. Liviyada ilk olaraq, dayanıqlı və güvənli hökumət formalaşmalı və Liviya xalqının dəstəyini qazanmalıdır. Əks halda, dondurulmuş hesablardakı pulların da geri göndərilməsi illər çəkə bilər. Bu da daxili stabilliyin pozulmasına gətirib çıxarar. Lakin, Liviya İrak və Əfqanıstana nəzərən daha şanslıdır. Niyə?
Liviya daha şanslıdır?
Irak və Əfqənıstanda siyasi və iqtisadi stabilliyin hələ bu gün də tam təmin edilməməsi, demokratiyanın bərqərar olmaması, vəd edilən stabilliyin hələ də üfüqdə görsənməsi adı çəkilən dövlətlərin xalqlarını məyus edib. Bu məyusluğun arxasında isə ABŞ və Avropadakı müttəfiqləri dayanır. Vəd edildiyi kimi, nə Əfqənıstanda, nə də İrakda stabillik yaradıla bildi. Müsəlman xalqları düşünməyə başladı ki, ABŞ və müttəfiqləri terrorla mübarizə yox, öz iqtisadi maraqlarına xidmət edirlər. Lakin, əslində, heç də belə deyildir. İrak və Əfqənıstanda ABŞ və müttəfiqləri də bu qədər insan ölümünün və dağıntıların olmasını istəməzdilər. Yanlış informasiyalar və yanlış hesablamalar bu günkü durumu yaradıb. Eyni səhvləri isə ABŞ və müttəfiqləri Liviyada buraxmaq istəməyəcəklər. Elə buna görə də, yerüstü əməliyyatların aparılmasından NATO axıra qədər yararlanmadı. Bu müstəviyə uyğun olaraq, zənnimcə, Liviyanın keçidi daha asan və qansız keçəcəkdir. Bu həm ABŞ-a, həm də müttəfiqlərinə lazımdır. Liviya İrak və Əfqənıstana çevrilərsə, Suriya da rahat nəfəs ala bilər. Buna imkan vermək olarmı? Yox. Demək ki, ABŞ və müttəfiqləri bütün güclərini işə salacaqlar ki, Liviyanın keçidi daha tez və rahat olsun.
Liviya xalqı nələr əldə etdi?
LIVIYA XALQİ AZADLIQ ƏLDƏ ETDİ! İSTİBDAD MƏNGƏNƏSİNDƏN QURTULDU!
Qəddafinin ailəsi və mümkün təhlükələr
Polkovnik Muammer Qəddafinin yoldaşı Safiye, qızı Aişə və oğulları Məhəmməd ilə Hannibalin Əlcəzairdə olduqları təsdiqlənib. Digər oğlu və sələf sayılan Saif-əl İslam Qəddafi isə hələ də tapılmayıb. Qəddafinin qızı Aişə və oğlu Saif-əl İslam həbs olunmayana qədər Liviyada daxili çəkişmələr qurtarmayacaq. Əlcəzair, Niger və Liviyada yaşayan köçəri Tuareq ərəb tayfalarının vasitəsilə adı çəkilən şəxslər Liviyaya problem yaradacaq və ola bilsin ki, ölkənin cənubunda yeni dövlətin qurulması ilə bağlı addım atsınlar. Indiki zamanda bu məqbul görünməsə də, gələcəkdə mümkündür. Buna görə də, ABŞ və müttəfiqləri Qəddafi ailəsinin tam zərərsizləşdirilməsi üçün bütün mümkün variantlardan istifadə edəcəklər.
NATO-nun xərcləri
ABŞ və İngiltərənin hər biri Liviyada 2 milyard dollara yaxın vəsait xərcləyib. Fransanın da kifayət qədər böyük xərcləri var. Türkiyə də yüz milyonlarla vəsaitindən keçməli olub. Artıq həmin dövlətlərdə narazılıqlar baş qaldırıb ki, vergiödəyicilərinin pulu geri qaytarılmalıdır. Təklif Qəddafinin dondurulmuş hesablarından həmin pulların çıxılmasıdır. Əgər bu dondurulmuş bank hesablarından tutulmasa, istənilən halda Liviya hökuməti həmin ölkələrə əlverişli şərtlərlə biznes mühiti yaratmalı və “yağlı” layihələrə çıxışlarını təmin etməli olacaq. Heç nə itirilmir, heç nə unudulmur. Azadlıq qurbansız olmur.
Liviyada ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya və Türkiyə qarşıdurması
Qəddafi sonrası Liviyanın iqtisadiyyatında ən “yağlı” sahələr üzrə ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya və Türkiyə arasında amansız yarışma gedəcəkdir. ABŞ və İngiltərə oxşar və birgə, Fransa, İtaliya və Almaniya oxşar və birgə, Türkiyə isə hamısına qarşı tək oynamalı olacaq. Türkiyə tək olsa da müsəlmançılıq və apardığı düşünlümüş siyasəti onu daha önə ata bilər. Türkiyənin Liviyanın siyasi və iqtisadi alanında söz sahibi olmasını gözləyirəm. Qardaş ölkənin Liviyada ən çox rastlaşacağı maneə Fransa faktoru olacaq. Fransa öz adamını hakimiyyyət piramidasının başında oturtmağa çalışacaq. Buna görə də, Liviyanın həm keçid hökumətində, həm də gələcək seçkilərdə namizəd kimi iştirak edəcək siyasilər arasında adını çəkdiyim ölkələrin rəğbət bəslədiyi və dəstəklədiyi namizədlər olacaqdır. Senari yuxarıda dediyim tandemlərdə baş verə bilər. Seçkilər yaxınlaşdıqca Fransa və ABŞ arasında gərginliklər yüksələn xətt üzrə inkişaf edəcək və sonunda Türkiyə də ABŞ və İngiltərənin yanında yer alacaq. Zənnimcə, uzun sürən mübarizədən sonra Türkiyə Liviyada əsas söz sahiblərindən birinə çevriləcək. Gözləyirəm ki, Türkiyə və Fransa, əsasən, Liviyanın təhsil sistemində möhkəmlənmək üçün ciddi yarış aparsınlar. Türkiyənin yaxın zamanlardan başlayaraq Liviyada türk-dilli məktəblərin açılmasına başlamasını da gözləmək olar.
Qəddafinin ölümünün regiona təsiri və digər ölkələrə zəncirvari keçid
Digər ərəb ölkələri də Qəddafinin ölümündən sonra daha da ruhlanıblar. Qəddafinin dirənişi ərəb baharını nə qədər sürətdən salmışdısa, onun ölümü də prosesi bir o qədər sürətləndirəcək. Növbəti dayanacaq Suriyadır. Bəşər Əsəd Qəddafinin taleyindən ciddi dərs alıb. Özünü və ailəsini qorumaq üçün planlar üzərində daha ciddi işləməyə başlayıb. Suriyada proseslərin dayanması mümkün deyil. 100 % əminliklə demək olar ki, Bəşər Əsəd gedəcək. Amma, necə getməyini özü müəyyən etməlidir. Xalq onun getməsini müəyyən edərsə, o zaman Bəşər Əsəd Qəddafinin taleyindən də pis tale yaşaya bilər. Suriya ilə maraqlı hal ondan ibarətdir ki, Bəşərin devrilməsində əsas oyunçu Türkiyə olacaq. Türkiyə, Suriyanın gələcək taleyinin də müəyyən edilməsində əsas oyunçu rolunu oynayacaq. Bunu ABŞ istəyir, amma Avropa Birliyi dövlətləri heç də razı görünmürlər. ABŞ-ın Türkiyəni önə verməsi ondan ibarətdir ki, İrana gedən yolu təmizləsin. Iranın yolunda Türkiyə dayanır. Türkiyə Bəşər Əsədi devirəndən sonra, təbii olaraq İranın düşməninə çevriləcək və dövlətlər açıq müharibə halına girəcəklər. Belə bir vəziyyətin yaranması halında, ABŞ-ın təkidi ilə İsrail Türkiyədən üzr istəyə və barışa bilər. İsrail ABŞ-ın köməkliyi ilə İrana zərbələr endirə, Corc Soros və Bjezinskinin pöroqnozuna uyğun olaraq, İranı gələn ilin baharı başlayan ərəfədə, təbiətin baharı ilə paralel olaraq inqilab baharına da bürüyər. Bu isə, qardaş Türkiyənin özünün verəcəyi qərardır. Belə halda, Azərbaycan da münaqişəyə cəlb olunur. Amma, mənim fikrim belədir ki, bizim İranla bölüşə bilmədiyimiz ciddi bir əsas yoxdur. Iranla danışıqlar və sülh yolu ilə tarixi problemlərimizi və orada yaşayan soydaşlarımızın mədəni hüquqlarını təmin edə bilərik.