Qəzzaya hava hücumları nəticəsində - 28 nəfər həlak oldu

qezzaya-hava-hucumlari-neticesinde
Oxunma sayı: 499

İsrail ordusunun ötən gecədən bəri Qəzza zolağına endirdiyi silsilə aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub.

“Qafqazinfo” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından bəri qeydə alınan ən yüksək ölüm göstəricilərindən biridir.

Fələstin tərəfi həlak olanların dörddə birinin uşaqlar, üçdə birinin isə qadınlar olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, əməliyyat zamanı HƏMAS və “İslami Cihad” terror qruplaşmalarının dörd komandiri, bir silah anbarı, bir silah istehsalı sahəsi və iki raket atma mövqeyi hədəf alınıb. İsrail tərəfi bu zərbələrin atəşkəs razılaşmasının pozulmasına cavab olaraq endirildiyini bəyan edib. Bildirilib ki, dünən Rəfahın şərqində tuneldən çıxan 8 silahlı şəxs müəyyən edilib və onlardan bəziləri zərərsizləşdirilib.

Xatırladaq ki, hücumlar zamanı Qəzza şəhərindəki Şeyx Radvan polis bölməsinin də vurulduğu, nəticədə həm polis əməkdaşlarının, həm də mülki şəxslərin həyatını itirdiyi bildirilir. Eyni zamanda, Xan Yunis bölgəsində məcburi köçkünlərin sığındığı çadırlara da zərbələr endirilib. Hazırda dağıntılar altında qalanların axtarışları davam edir.