Avropanın top-liqalarında yay transfer pəncərəsi bağlansa da, klubsuz olan ulduz futbolçular hələ də qalmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniyanın BBC nəşri hazırda azad agent statusu daşıyan və istənilən klubla müqavilə bağlamaq hüququ olan ən məşhur futbolçuların siyahısını dərc edib.
Siyahıda dünya futbolunun əsl əfsanələri yer alıb:
Pol Poqba (33 yaş): Dopinq cəzasından sonra “Monako”ya keçən fransalı ulduz zədələr səbəbindən cəmi 6 oyun keçirə bildi və müqaviləsi vaxtından əvvəl ləğv edildi;
Kərim Benzema (38 yaş): “Qızıl top” sahibi “Əl-Hilal”da cəmi 6 ay qaldıqdan sonra avqustun 31-də komandadan ayrılıb;
Riyad Mahrez (35 yaş): “Əl-Əhli” ilə yollarını ayıran əlcəzairlinin “Əl-Şabab”a keçəcəyi gözlənilir;
Rahim Sterlinq (31 yaş): “Feyenoord”da cəmi 3 ay qalan ingilis vinger məhkəmə prosesləri və şəxsi həyatındakı problemlərlə gündəmdədir;
Filipe Koutinyo (34 yaş): “Vasko da Qama”dan psixoloji yorğunluq səbəbilə ayrılıb, hələ ki karyerasını rəsmən bitirməyib;
Ceydon Sanço (26 yaş): “Mançester Yunayted”dən sonra icarələrdə gəzən gənc ulduzun “Palmeyras”la razılaşdığı bildirilir;
Dani Karvahal (34 yaş): “Real Madrid”də 13 il keçirəndən sonra azad agentə çevrilib;
Ceymi Vardi (39 yaş): “Kremoneze”nin A Seriyasında autsadyer olmasından sonra azad agentdir;
David Alaba (34 yaş): “Real”dan ayrılan avstriyalı müdafiəçi hələ də özünə yeni klub tapmayıb;
Serxio Ramos (40 yaş): “Monterrey”dən ayrıldıqdan sonra “Sevilya”nın səhmlərini almağa çalışsa da, sövdələşmə baş tutmayıb.
Qeyd edək ki, siyahıda həmçinin Oleksandr Zinçenko, Xames Rodriges, Antoni Marsiyal, Dele Alli, Xoselu, Vilfrid Zaha və İv Bissuma kimi məşhur adlar da yer alıb.
Son xəbərlər
Son Xəbərlər