“Qohumlar atamın qarşısını kəsib dedi ki, qızı oxutma” - Məktəb direktoru olan deputat

qohumlar-atamin-qarsisini-kesib-dedi-ki-qizi-oxutma
Oxunma sayı: 14594

11 yaşından Nardaran qəsəbəsində yaşayan qəhrəmanım elə burada da təhsilini davam etdirib. Oxuduğu sinifdə 32 məzun arasından tələbə adını qazanan yeganə şagird olub.

Böyüdüyü Nardaran kəndində qızların təhsil almasına icazə verməyən valideynlərdən fərqli olaraq, ailəsi onu hər zaman dəstəkləyib və yüksək vəzifələrdə görməyi arzulayıb. Bu gün həm ailəsinin, həm də özünün arzuları reallaşıb.

Müsahibim V çağırış Milli Məclisin deputatı, 295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılovadır. Onunla rəhbərlik etdiyi təhsil ocağında görüşüb söhbətləşdik:

- Sizinlə uzun zamandır ki, görüşmək istəyirdik. Ancaq hər dəfə işlərinizin çox olduğunu deyib zaman ayıra bilmirdiniz. Maraqlıdır ki, deputat və direktor kimi işlərinizi necə nizamlayırsınız? 

- Düzdür, iş qrafikimin sıx olması ilə əlaqədar sizinlə görüşə bilmirdim. Ümumiyyətlə, hər bir qadın kimi çalışıram ki, həm ev işlərini, həm də dövlət işlərini çatdırım. Hər gün birinci məktəbə gəlirəm. Buradakı işlərimi qaydaya salıram. Əgər parlamentdə komitə və ya plenar iclaslar varsa, orada iştirak edirəm. Qeyd edim ki, direktor və deputat olmaqla yanaşı, həm də Azərbaycan Dillər Universitetində çalışıram. Uzun illərdir ki, auditoriyada tələbələr qarşısında dərs deməyi arzulayırdım. Düzdür, 24 ildir ki, orta məktəbdə müəllim işləyirəm, ancaq universitetdə dərs demək də arzularımdan biri olub. 2018- ci ildən Azərbaycan Dillər Univesitetində “Multikulturalizmə giriş” fənnini tədris edirəm. Tələbələrimdən və indiki gənclikdən çox razıyam. 

- 24 ildir ki, müəllimsiniz. Rus dilini tədris etmisiz, tarixdən də dərs demisiz. Hətta ibtidai sinif müəllimliyi təcrübəniz də olub. Bu peşəyə yiyələnmək istəyənlərə nələri tövsiyə edərdiniz?

- Sirr deyil ki, insanın şəxsiyyət kimi formalaşmasında onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllimlik o peşələrdəndir ki, onu sevməlisən. Mən inanmıram ki, uşaqları sevməyən adam sinif otağına girə, onlara nəyisə öyrədə bilər. Bu, elə bir müqəddəs peşədir ki, sən hər bir davranışınla nümunə olmalısan. 

- Sizcə, müəllim-şagird münasibəti necə olmalıdır və siz bunu necə bacarırsınız? Şagirdlərinizin yanında olub qayğıları ilə maraqlanırsınız? Onlar rahatca direktor qapısını döyə bilir?

- Bilirsiniz ki, bir neçə il bundan qabaq direktor olmaq üçün müsabiqə keçirilirdi. Namizədlər 3 ay kursda oxuyurdular. 3 aylıq kursdan sonra direktor olmaq üçün imtahan verilirdi. Mən direktor ola-ola Xəzər Universitetində kurs keçirdim. Həmin kursda Amerikadan bir müəllim var idi. O, 84 nəfər arasında test imtahanı keçirdi. Namizədlərdən 29 nəfəri demokratik direktor adını aldı. Məktəbdə əvvəl gündən elə bir şərait yaratmışam ki, istər müəlllim, istər işçi, istərsə də şagirdlər lazımı vaxtda sözlərini mənə deyə bilsinlər. Yəni məktəbimizdə demokratik ab-havanı yaratmışam. Məsələn, mən ayda bir dəfə şagirdlər arasında məktəbdə nələri görmək istədikləri barədə anonim sorğular keçirirəm. Bu zaman hansı müəllimdən narazı olduqlarını, narazılığın səbəbini, hansı müəllimlərin onlara dərs deməsini istədiklərini soruşuram. Həmçinin məktəbdə valideynlərin iştirakıyla “Açıq qapı” günləri keçirilir. Valideynlər gəlib dərs prosesi ilə, dövlət tərəfindən məktəbdə yaradılmış şəraitlə tanış olurlar. Bildiyimə görə, hələ ki, kollektiv məndən narazı deyil. 

- Bakı kəndləri içərisində Nardaran kəndi öz qapalılığı, dinə meyilliliyi ilə başqa kəndlərdən həmişə fərqlənib. Burada qızların təhsil alması məsələsinə  mühafizəkar yanaşıblar. Siz bu kəndin valideynləri ilə necə dil tapırsınız?

- Düzdür, Bakının bəzi kəndləri var ki, orada spesifik bir mühit var. Nardaran da həmin qəsəbələrdən biridir. Burada uzun illər mövhumatçılıq hökm sürüb. İnsanların təhsil almağa meyli güclü olmayıb. Burada qızların oxumasına çox pis baxılıb. Dövlət qızların oxumasına şərait yaratsa da, valideynlər qızlarının oxumasını istəməyib. 

Nardaranda bir xanımın, bir qızın hansısa yüksək post tutması bu kəndin sakinləri üçün böyük nümunə idi. İndi görürəm ki, valideynlər özləri gəlib deyirlər ki, Dilarə müəllim, mən qızımı oxutdurmaq istəyirəm. 2012-ci ildə bu məktəbi mənə təhvil verəndə burada 714 şagird təhsil alırdı. Mən siniflərlə tanış olanda çox dəhşətə gəldim. Siniflərdə qızlar yox dərəcəsində idi. 25-28 şagird arasında bir, ya iki qız olardı. Burada qızları təhsilə cəlb etmək böyük problem idi. Ancaq qarşıma məqsəd qoydum ki, getdiyim yolda mənimlə bərabər gedəsi qızlar yetişdirmək üçün birinci növbədə, qızların təhsilinə fikir vermək lazımdır. Beləliklə, biz məqsədyönlü şəkildə işimizə başladıq. İlk növbədə maarifləndirici təbliğat həyata keçirdik. Mənə elə gəlir ki, düzgün təbliğatımızın nəticəsidir ki, hazırda məktəbdə 944 şagird təhsil alır. Onların da yarısından çoxu qızlardır. İndi sizi siniflərlə tanış edəcəm, bizdə məktəbə, təhsilə maraq göstərməyən bir qız şagird belə yoxdur. 2012-ci ildən bu yana ali təhsil ocaqlarına üz tutan abituriyentlərin yarısından çoxu qızlardır. 2004-cü ildən 2012-ci ilə qədər bu məktəbdən bir nəfər də ali təhsil ocağına qəbul olmayıb. Ancaq 2012-ci ildən bu yana hər il mütəmadi olaraq 10, 12, 13, 18, 29 uşaq universitetə qəbul olur. Düşünə bilərsiniz ki, bu göstəricilər bir məktəb üçün azdır. Nəzərə alsaq ki, bizdə 9-cu sinifdən uşaqlar peşə məktəblərinə və kolleclərə üz tuturlar, bu zaman bir sinif qalır. Buna görə də, məncə, bu,  pis nəticə deyil. 2012-ci ilə kimi heç bir nəticəsi olmayan bir məktəb artıq 77 faiz uğurlu nəticəyə gəlib çatıb.

- Valideynlər arasında qızların təhsilə cəlb edilməsinin vacibliyi barədə təbliğat aparanda onlar sizə nə cavab verirdilər?  

- XXI əsrdə bu, çox gülünc idi. Valideyni çağırıb deyirdim ki, sənin qızının çox gözəl potensialı var. Yəni ondan çox gözəl müəllim, həkim, mühəndis ola bilər. Mənə ilk sözləri bilirsiniz nə olurdu? Ay müəllim, qızım oxusa, onu kim alacaq?! Mən onlara özümü nümunə göstərirdim. Deyirdim ki, mən kənddən çıxmış bir qızam, evdə qalmışam?! Maşallah, gözəl ailəm, uşaqlarım var. Mənim burada məhz direktor kimi əyləşməyim onlara çox stimul verdi. Fikirləşdilər ki, onların da qızı oxusa, müəllim, həkim və ya hər hansı bir peşənin sahibi  ola bilər. Valideynlərlə hər görüşdə qeyd edirdim ki, hər il bizim məktəbdə 10-11 müəllimə ehtiyac yaranır. Kənardan gələn müəllimlər isə bu kənddə çox qalmırlar. Yolun uzaqlığını bəhanə gətirirlər. Çoxu ailə qurur, məktəbini dəyişir. Öz məktəbimizdən çıxan məzunlar  yenidən bura müəllim kimi qayıtsa, nə gözəl olar. Bilirsiniz, bizim öz kəndimizdən həkim yoxdur. Çox acınacaqlıdır. Həmişə istəmişəm ki, bizim qəsəbədə öz içimizdən çıxan bir həkim, polis, polis rəisimiz olsun. Uşaqlara da, valideynlərə də deyirəm ki, təhsil həyatda ən önəmli amildir. Gələcəyimiz ancaq təhsildədir. Uşaqların savadlı olması üçün mütləq analar savadlı olmalıdır. Qızlarımıza savad verməsək, cəmiyyətimiz savadlı yetişməyəcək. Valideynləri inandırmağa çalışırdım ki, övladlarının təhsillə bağlı arzularını boğmamaq, onların yolunu kəsməmək gələcəkdə onların daha böyük nailiyyətlər əldə etməsinə səbəb ola bilər.

- Siz də Nardaranda böyümüsünüz. Bu tabuları necə aşa bildiniz? Ailəniz sizə nə deyirdi? 

- Mən doğrudan xoşbəxtəm ki, bu cür valideynlərim var. Onlarla fəxr edirəm. Bu səviyyəyə gəlib çatmağıma görə valideynlərimə ömrüm boyu borcluyam. Qatı dindar olan, qızların oxumasına pis baxılan bir qəsəbədə atamın qarşısını qohumlar kəsib dedilər ki, qızını oxutdurma. Söhbət 1988-ci ildən gedir. Lakin valideynlərim həmişə elmə, biliyə, təhsilə böyük önəm verdikləri üçün mənim təhsilimi davam etdirməyə şərait yaratdılar. Məktəbdə başqa qızlar da çox yaxşı oxuyurdu. Amma heç birinin valideyni icazə vermədi ki, onlar təhsilini davam etdirsin. Mən bu baxımdan şanslı oldum ki, valideynlərim mənə təhsil almaq üçün şərait yaratdılar. Beləliklə, Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil oldum. Öz qəsəbəmizdə 1996-cı ildən müəllim kimi fəaliyyət göstərdim. 2005-ci ildən Bakı Slavyan Universitetinin ixtisasdəyişmə və yenidənhazırlanma təhsilinin tarix ixtisası üzrə tam kursunu bitirmişəm. 16 illik pedaqoji fəaliyyətdən sonra məni 295 nömrəli tam orta məktəbə direktor təyin etdilər. Valideynlərim həmişə mənim yüksək postlarda olmağımı arzulayırdılar. İnanıram ki, onların arzularını doğrultdum. 

- Valideynləriniz nə işlə məşğuldur? 

- Anam və atam təqaüdçüdürlər. 

- İlk dərs gününüzü necə xatırlayırsınız? 

- Həyat yoldaşımın ailəsi mühafizəkar olduğundan işləməyimə razı deyildilər. Ancaq yoldaşım mənə çox inanırdı. O bilirdi ki, arzularım təkcə oxumaqla bitmir. İşləmək, aldığım təhsili uşaqlara mənimsətmək istəyirdim. 130 saylı məktəbdə direktorum öz riyaziyyat müəllimim olub. İndi də həmin məktəbin direktorudur. Qəsəbədə sayılıb seçilən insanlardan biridir. 1996-ci ildə məktəbə ilk dəfə gələndə o, mənə məktəbin ən dəcəl sinfini verdi. Həmin sinfi 11-ci sinfə kimi apardım. 2004-cü ildə ilk məzunlarım oldu. İndiyə kimi xatırlayıram ki, çox həyəcanlı idim. Sinifdə 34 şagird təhsil alırdı. Onlardan 10-u ali məktəbə daxil oldu. İndiyə kimi də onlarla münasibətlərim var. Toylarında iştirak etmişəm. Hamısının uşaqlarına dərs deyirəm. 

- Bəs, Dilarə Cəbrayılova özü necə bir anadır? Doğrusu ilə, yanlışı ilə övladlarının yanında ola bilirmi?

- Qadınların ən müsbət cəhəti odur ki, evdə xanımlıqlarını, işdə də öz işlərini unutmurlar. Çalışıram balansı elə qoruyum ki, uşaqlarım nə valideynlərindən olsunlar, nə də ki, işimi keyfiyyətsiz görüm. Özüm çox məsuliyyətli insanam. Çox zaman mənə sual verirlər ki, Dilarə xanım, sizin köməkçiniz var? Deyirəm ki, yoxdur. Mən bütün işləri özüm görürəm. İki övladım var. Böyük övladımın 25 yaşı var. Universiteti bitirib, əsgərliyini çəkib. Hazırda Türkiyədə magistr təhsili alır. Qızım isə rəhbəri olduğum məktəbin 6-cı sinif şagirdidir. Rəsmlə, ingilis dili ilə  maraqlanır. Mənə elə gəlir ki, gələcəyin Dilarəsi böyüyür.

- Bir neçə gündür ki, ölkə gündəmində ailədaxili fiziki şiddət məsələsi müzakirə olunur. Şiddəti qınayan tərəflər daha çoxdur. Siz zorakılığa məruz qalan qadınların yanında olursunuzmu? Zorakılıq görən qadınlara qarşı cəmiyyət olaraq nə etməliyik? 

- Mən bu məsələyə məktəbin içində baş verən məsələlərdən danışaraq münasibət bildirim. Bayaq sual verdiniz ki, necə oldu qızları təhsilə cəlb edə bildiniz? Siz dediyiniz ailədaxili şiddət məsələsi təkcə insana fiziki təzyiqlə bitmir. İnsanın haqlarının pozulması da bura daxildir. Bir cəmiyyət olaraq uzun illər qızlarımızın haqqı tapdalanıb. Onların oxumasına şərait yaradılmayıb. Mən hər bir şagirdə öz övladım kimi yanaşıram. Yuxarı sinif qızlarını bir yerə yığıb deyirəm ki, tez ailə qurmağa çalışmayın. Təhsil alandan və öz ayaqlarınızın üstündə durandan sonra ailə qurun. Siz yaxşı bilirsiniz ki, Bakı kəndlərində qızları erkən nikaha cəlb edirdilər. Bu, qaçılmaz idi. Son zamanlar isə bu istiqamətdə dövlətin müxtəlif tədbirləri oldu. Bir çox ictimai qurum tərəfindən məktəblərdə müxtəlif görüşlər keçirildi. Belə-belə qızların problemləri ortaya çıxdı və onları məktəbə cəlb edə bildik. 

Qaldı ki, ailədə şiddət və zorakılıq hallarına, mən həm də parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüyəm. Həmişə gənclər və yeni ailə quran insanlarla, qadınlarla görüşəndə deyirəm ki, çalışın ki, sizin haqlarınızı heç kim tapdalamasın. Hər bir qızın oxumağa, işləməyə, sözünü açıq-aşkar deməyə haqqı var. Sizi kimsə erkən nikaha cəlb etmək istəyirsə, etiraz etməyi bacarın. Çox vaxt görürük ki, ailə quranların əksəriyyəti boşanır. Çünki ailədə balans yarada bilmirlər. Çoxu bir-biriylə tanış olmur, kiminsə oğlu və ya qızı olmasına görə ailə qurur. Bu faktorlar gələcəkdə düzgün formalaşmayan ailəyə gətirib çıxarır. Son nəticədə isə ancaq uşaqlar ziyan görür. 

- Siz necə ailə qurmusunuz? Həyat yoldaşınız sizə hər işinizdə dəstək olurmu?

- Valideynlərimin istəyi ilə ailə qurmuşam. Ailəmdən çox razıyam. Həyat yoldaşım mənim fikirlərimə, qəbul etdiyim qərarlara  hörmətlə yanaşır. Həmişə mənə dəstək olmağa çalışır. 

- Azərbaycanda son illər təhsilin inkşafı ilə bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirirsiz?

- Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin  inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkşaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir.

- Valideynlərin şikayətlərindən biri məktəb çantalarının ağır olması ilə bağlıdır. Kitabların ağırlığının uşaqlarda skolioz və kifoz kimi ciddi xəstəliklərə səbəb olduğu barədə çağırışlar da var...

- Uzun müddət valideynlərin və uşaqların şikayəti dediyiniz məsələ ilə bağlı idi. Mən də bir valideyn, bir direktor kimi görürdüm ki, çantaların ağırlığı uşaqlarda bu kimi xəstəlikləri yaradır. Bu ildən Təhsil Nazirliyi qərara alıb ki, kitablar ildə iki dəfə I və II yarımiliklərdə verilsin. Bu da həm çantaların yüngülləşməsinə, həm də uşaqların yüklənməməsinə gətirib çıxaracaq. 

- Seçicilərinizlə münasibətiniz necədir? Onların məsələlərini həll edə bilirsiniz? 

- Mən mütəmadi olaraq seçicilərimlə görüşürəm. Seçicilərim bilir ki, onlarla görüş yerim Kürdəxanı qəsəbəsindədir. Problemləri ilə tanış oluram. Çalışıram ki, yerində həll olunacaq məsələləri həmin vaxt həll edim. Lazım gələrsə, mövzu üzrə aidiyyatı orqanlara müraciət edirik. Mən deputat olmamışdan qabaq da seçicilərlə görüşəndə deyirdim ki, problemlərinizi həll etməyə çalışacam. Ancaq bu, o demək deyil ki, siz tamamilə problemsiz olacaqsınız. 

- Bütün bunlarla bərabər həm də deyirlər ki, Dilarə Cəbrayılovanın səsini parlament tribunasından eşitməmişik... 

- Mənə elə gəlir ki, deputatın fəaliyyəti təkcə plenar iclasda çıxış etməklə deyil. Biz mütəmadi olaraq komitə iclaslarında çıxış edirik. İşimizi görürük, seçicilərlə görüşürük. Onların problemləriylə maraqlanırıq. Problemlərinin qanunvericiliyinin  tələblərinə uyğun  şəkildə həllini tapmasına çalışırıq. Bütün bunların fonunda kiminsə plenar iclasda çox danışıb, az danışması problem olmalı deyil. Ancaq çox təəssüflər olsun ki, bunu da problem edirlər. Əslində mediaya açıq insanam, ancaq gördüyüm işləri reklam etməyi xoşlamıram. Bu, o demək deyil ki, Dilarə xanım fəaliyyətsizdir. 

- Son günlər YAP-dan olan deputat həmkarınız Siyavuş Novruzov partiya üzvlərini fəal olmağa çağırıb. Bu baxımdan yanaşdıqda, hər hansı fəallaşma müşahidə edə biləcəyikmi?

- Mən düşünmürəm ki, bizim partiyanın üzvləri fəal deyillər. Yeni Azərbaycan Partiyasının üzvləri ölkənin ictimai-siyasi həyatında fəallıq göstərib və göstərməkdədir. Bu, danılmaz faktdır. 

Günel Türksoy

Foto-Video: Pərvin Zeynal