Dekabrın 6-da səhər saatlarında Qəbələ rayonu Zarağan kəndində maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq ev sahibəsini kəsici-deşici alətlə hədələyərək evdə olan pul və qızıl-zinət əşyalarını tələb edib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, ev sahibəsinin müqavimət göstərməsi və maskalı şəxsi tanıdığından o hadisə yerindən qaçmağa çalışarkən kənd sakinləri tərəfindən saxlanılaraq polisə təhvil verilib: "Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən, ailənin qohumu, Daşca kənd sakini 1988-ci il təvəllüdlü Məmmədov Rəşad Azad oğlu olması müəyyən edilib.
Onun üzərindən 1 ədəd bıçaq, 1 ədəd maska, 2 cüt əlcək və 4 ədəd xamut, kapron corab aşkar olunaraq götürülüb. O, təkrar qaçmağa cəhd edərkən yıxılaraq yüngül xəsarət alıb. Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi başlanılıb".